25 oktyabr nəinki Qubadlıların xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi olaraq qalacaqdır

25 oktyabr nəinki Qubadlıların xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi olaraq qalacaqdır

Samirə Orucova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 203 saylı uşaq bağçası və körpələr evinin müdiri

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.  Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust 31-də işğal edilmişdi. İşğaldan sonra rayondan 29997 məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış  və yararsız vəziyyətə salınmışdı.

1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətti, 4830 km elektrik xətti, 165 km magistral qaz boru xətti, 9 tikinti, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120  elektrik yarımstansiyası və transformator tamamilə dağıdılmışdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

2020-ci il 23 dekabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını qaldırması isə tarixi hadisə olmaqla yanaşı, Qubadlılarla bərabər bütün Azərbaycan xalqının ümumi sevincinə səbəb oldu. Bundan sonra 25 oktyabr nəinki Qubadlıların xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi olaraq qalacaqdır.

Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Dördzolaqlı yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya 23.12.2020 (Qubadlıda Azərbaycan bayrağının ucaldılması.) və 25.10.2021-ci il tarixlərdə (Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak, “Qubadlı” yarımstansiyasının açılışında iştirak, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş.) səfərlər edib.

Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edəcək.

Eyni zamanda, Zabuxçay çayının suyunun yeni su anbarında tənzimləməklə uzunluğu 49 kilometr olan polad boru xətti ilə Qubadlı və Zəngilan rayonlarında yerləşən torpaq sahələrinə suyun verilməsi, eyni zamanda, layihədə subasar zonadan avtomobil yolunun kənarlaşdırılaraq yeni yolun çəkilməsi və bəndyanı Su Elektrik Stansiyasının tikilməsi nəzərdə tutulur.

Qeyd edildi ki, Bərgüşadçay su anbarının yeri isə topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib

Qubadlı şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasından qidalanacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarə edilməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində müasir dispetçer idarəetmə sistemi və rəqəmsal şəbəkə modeli tətbiq ediləcək.

Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiya əlaqələndirmə xətləri qurulmaqla, “Hadrut” qovşaq yarımstansiyaları arasında dairəvi təchizat sxemi təmin ediləcək. Eyni zamanda, “Qubadlı şəhər” və “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiyaları arasında nəzərdə tutulmuş ikidövrəli kabel xəttinin çəkilməsi ilə Qubadlı və Cəbrayıl şəhərlərinin qarşılıqlı enerji mübadiləsi təmin olunacaq.

Ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur.

Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-sinin dördotaqlı və 20-sinin isə beşotaqlı olması planlaşdırılır. Binaların inşasında müasir memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq.



Məhəllədə idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.