Şanlı Zəfərin banisi Müzəffər Ali Baş Komandan və müdrik Azərbaycan xalqıdır
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Tarixdə bitməyən müharibə anlayışı yoxdur. Bütün münaqişələr sonda sülh müqaviləsi ilə sonlanmağa məhkumdur. Müharibələri bir çox halda mənasız, məntiqsiz və lazımsız hesab etmək olar. Lakin başqa yol yoxdursa və mövzu bir millətin, bir xalqın şərəfindən, namusundan, sabahından gedirsə, o halda müharibələr əhəmiyyətli bir faktora çevrilir. Dünya bilir ki, müdrik xalqımız və Müzəffər Ali Baş Komandanımız heç vaxt müharibə olmasını, insanların ölməsini istəməmişdir. Hətta uzun illər boyu sülh danışıqlarına razılıq vermiş və səbrlə gözləmişdir. Lakin sülh və sülhün imitasiyası fərqli anlayışlardır. Nə zaman ki, Azərbaycan anladı ki, bu danışıqlar sülh deyil, onun yamsılamasıdır, onda öz xalqının gələcəyi naminə və savaşa başladı.
Bu gün Vətən Müharibəsində əldə olunmuş qələbənin ikinci ildönümünü qeyd edirik. Bununla belə hələ də, Müzəffər Ali Baş Komandan və Azərbaycan xalqı mübarizəni dayandırmayıb. Ötən iki il ərzində hər birimiz müharibənin nəticələrinin tanıdılması istiqamətində var gücümüzlə çalışmışıq. Müharibədən sonra ikinci ili qeyd etdiyimiz bu günlərdə dünyanın elə bir ölkəsi yoxdur ki, o, yeni reallıqları qəbul etməsin. Hətta məğlub Ermənistanın siyasi və hərbi elitası belə hesab edir ki, Qarabağ Azərbaycandır!
Azad olunmuş torpaqlarda iki il ərzində ekspertlərin hesablamalarına görə çox böyük sayda işlər görülmüşdür. Elə layihələr, elə tədbirlər həyata keçirilib ki, azad olunmuş torpaqlarda heç vaxt bu qəbildən işlər tarix boyu icra olunmamışdır. Azad olunan torpaqlarda işğalçılar tərəfindən sözün əsil mənasında daş üstə daş qoyulmamışdır. Belə bir sual da meydana çıxır ki, əgər doğrudan da bu torpaqlar erməni iddialarında deyildiyi kimi erməni torpaqlarıdırsa, bəs nə üçün o torpaqların bərpasında maraqlı olmamışlar.
İşğaldan azad olunduqdan sonra o ərazilərdə həyata keçirilmiş barbarlığın miqyası da gözlər önünə sərilmişdi. Dünya birliyi isə həyata keçirilmiş mədəni və etnik terrora qarşı bu gün də öz susqunluğunu saxlamaqdadır. Dərindən təhlil etdiyimiz zaman Ermənistanın işğalçı siyasətinin əsasında və arxasında dünya birliyinin “lal, kar, kor” kimi davranması göz qabağındadır.
Doğrudur, müasir dövrdə ordular aktiv müharibələr həyata keçirməkdən daha çox müharibə ehtimalını nəzərə alaraq savaşların qarşısını almaq üçündür. Lakin Azərbaycan 44 günlük Vətən Müharibəsində sübut etmişdir ki, aktiv müharibə aparmaq qüdrətindədir. 5-ci nəsil silahlarla, müasir tələblərə uyğun, milyard dollarlıq silahaların Azərbaycan ordusunun döyüş qabiliyyəti qarşısında necə hecə döndüyünü bütün dünya gördü. Əlbəttə, qürurverici haldır ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Ən müasir təchizat bizdədir. Lakin əsas amil bu deyildir. Azərbaycan ordusunun ən böyük “silahı” vətən sevgisi, yurd həsrəti və damarlarında dolaşan o məğrur, məğlubedilməz qandır. Bizim qəhrəman ordumuzu Şuşanın sıldırım qayalarına yüngül silahlarla qaldıran da məhz bu ali ruh və məğrur soykökümüzdür.
Şuşada və azad olunmuş torpaqlarda olan hər bir azərbaycanlı əldə olunmuş qələbənin miqyasının böyüklüyünü anlamaqdadır. Dünya hərb akademiyalarında tədris olunan kitablarda qəhrəmanlıq dastanı kimi mövzu olan Azərbaycan ordusunun misilsiz döyüş qabiliyyətinin əsasında xalqımızın qəhrəman ruhu dayanır.
Azərbaycan müharibədən sonra bir dəqiqə belə vaxt itirməmişdir. İçimizdəki xainləri hesaba qatmasaq, hər bir Azərbaycan vətəndaşı öz rəhbərinin ətrafında yumruq kimi birləşməyə davam etmişdir. Hərbi Qənimətlər Parkı, yaradılmış beyin mərkəzləri, iştirak edilmiş konfranslar və verilmiş müsahibələr hamısı müharibənin nəticələrinin tanıdılmasına xidmət edən amillərdir. İndi artıq Azərbaycanın təklif etdiyi əsas prinsiplər ətrafında sülh sazişi imzalanmaq üzrədir. Çünki şəhidlərimizin qanı bahasına qazanılmış Zəfər ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmiş və onun möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Bu gün Ermənistanı dəstəkləyənlər, neytral mövqeyə malik olan aktorlar belə, bizi və haqlı mövqeyimizi dəstəkləyirlər.
Əldə olunan Şanlı Zəfərin əsasında birmənalı olaraq cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yorulmaz fəaliyyəti dayanır. Onun qəhrəman oğullarımıza, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına qarşı doğma münasibəti sadəcə Azərbaycan vətəndaşları üçün deyil, digər dövlətlərin rəhbərləri üçün də etalon hesab oluna bilər. Həyata keçirilən sosial-humanitar siyasətin əsasında canını və sağlamlığını Vətənə qurban vermiş qəhrəmanlar dayanır. Bu amil isə gələcək nəsillər üçün örnək və stimuldur.
Başda Müzəffər Ali Baş Komandan olmaqla müdrik xalqımızı və rəşadətli ordumuzu təbrik edir, daha şanlı qələbələr arzu edirəm!