Işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüşdür

Işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının  yaradılmasına dair strateji baxış irəli sürülmüşdür
Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf proqramında bu ərazilərin “Yaşıl Enerji" zonasına çevrilməsi əsas prioritet məsələlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Yaşıl Enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətlərinin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanmış və müvafiq Konsepsiya sənədləri hazırlanmışdır.

Bu gün Qarabağ “Yaşıl Enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “Yaşıl Zona”, yaxud “Yaşıl Məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən Müharibəsindəki Şanlı Qələbəmizdən az sonra başlanmışdır.

Qarabağ bölgəsi “Yaşıl Enerji” zonası kimi dünya üçün bir nümunə olacaq. Bu, Prezident İlham Əliyevin qətiyyətidir. Məlum olduğu kimi, Qarabağın bərpa olunan enerji istehsalı üçün potensialı böyükdür. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır.

Qarabağda eləcə də külək enerjisindən səmərəli istifadə etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır.

Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan prioritet məsələlərdən  biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.

Qarabağ bölgəsində həmçinin daş kömür yataqları mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir. Bütün bu mənbələr işğaldan azad olunmuş rayonlarımızda yeni enerji layihələrini gerçəkləşdirməyə imkan verir.

Göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazandığımız qələbə Qarabağ və Şərqi Zəngəzurda quruculuq və abadlıq zəfəri ilə davam edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası isə azad olunmuş ərazilərin bərpasına böyük töhfələr verəcək.