20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi məhz Ulu Öndər Heydər Əliyevin xidmətidir

20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi məhz Ulu Öndər Heydər Əliyevin xidmətidir

Xəyalə Veyisova


YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Xarici Dİllər Təmayüllü Gimnaziyanın direktoru

1988-ci ildən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı 1990-cı ilin yanvarında sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb oldu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən qəflətən Bakı şəhərinə yeridilməsi zamanı yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Yalnız kütləvi insan qırğını törədildikdən sonra, yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V. Dubinyakın əmri ilə fövqəladə vəziyyət tətbiq edildiyi barədə gecikmiş rəsmi məlumat efirə verildi. İmperiya həqiqətləri gizlətməyə və pərdələməyə çalışsa da, buna nail ola bilmədi. Bütün Azərbaycan xalqına yönəlmiş bu cinayət aktı nəticəsində ümumilikdə 147 nəfər Azərbaycan vətəndaşı qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.
20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi, hüquqi, həmçinin mənəvi dayaqlarını itirdi.

1990-cı ildən bəri keçən zaman çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş şəhidlərimizi ehtiramla yad etmişdir. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür, ancaq onu da etiraf etmək lazımdır ki, bu məsələdə dövlətimizin apardığı ədalətli və düzgün siyasətin rolu da danılmazdır.

Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin doğma xalqına qarşı törətdiyi  bu  cinayət əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək ifşaedici və cəsarətli bir bəyanat vermişdi. 

20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz Ulu Öndər Heydər Əliyevin xidmətidir. Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi - 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı SSRİ-nin 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etdiyini rəsmi şəkildə bəyan etdi.

Ümummilli lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı.

1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında Prezidentin özü tərəfindən təsdiqlənərək Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmiş oldu. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına xüsusi diqqət ayırır, hər il - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanına gedərək xalqı və dövləti üçün canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin, həmçinin 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi, pensiya təminatı da hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. Onun ölkəyə rəhbərliyi dövründə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib.

Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikası Prezidenti bu istiqamətdə müxtəlif sərəncam və fərmanlar imzalayıb. Dövlət başçısının bu məsələyə həssaslığının və xüsusi diqqətinin nəticəsidir ki, şəhid ailələrinin, həmçinin 20 yanvar hadisələrində və sonrakı illərdə torpaqlarımızın azad olunması üçün keçirilən hərbi əməliyyatlarda sağlamlığını itirən vətəndaşlarımızın sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Azərbaycan xalqının yaddaşına “Qanlı Yanvar” kimi həkk olunan o müdhiş gecədən bizi artıq 35 il ayırır. Tarix göstərdi ki, sovet imperiyasının xalqımızın iradəsini sındırmaq cəhdi baş tutmadı, 20 Yanvar faciəsi xalqımızın yaddaşına müstəqilliyə gedən yol, milli qürur, zülmə və köləliyə müqavimət günü olaraq xalqın milli kimliyinin formalaşmasında, dövlət müstəqilliyinin bərpa edilməsində mühüm rol oynamış rəşadət səhifəsi kimi həkk olundu. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə 20 Yanvar faciəsi barədə dediyi bu sözlər tariximizin şanlı salnaməsinin dəyərini olduqca dəqiq əks etdirir:  “... Bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır!”