20 oktyabr - Zəngilan şəhəri günü

20 oktyabr - Zəngilan şəhəri günü

Qurbanəli İslamov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Hövsan QİƏD üzrə nümayəndəsi, II Qarabağ müharibəsi qazisi

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır.

Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilan rayonunun azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur.

Bu sevinci artıran, möhtəşəmliyini təmin edən mühüm hadisə isə Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər çərçivəsində Böyük Qayıdışı sürətləndirən addımların atılması, onların ictimaiyyət nümayəndələri ilə görüşlərində bir daha həmin tarixi anlara ekskurs edilərək Zəfərimizi şərtləndirən amillərə diqqətin yetirilməsidir.

Oktyabrın 20-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonuna səfərləri də bu baxımdan xüsusi diqqət çəkir. Bu səfərin gedişini televiziya ekranlarından, internet resurslarından izlədikcə açıq-aydın görürük ki, 27 il erməni işğalından sonra tarixi sahibinə qayıdan Zəngilanın həyatında yeni dövr başlayıb.

Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb.

Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb.

Müzəffər ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq quruculuq işlərinin aparılması artıq ənənə halını alıb.

Artıq həmin ərazilər abadlaşır, həyat öz axarına düşür.  Bunun üçün artıq heç bir maneə yoxdur. Bundan sonra illər ötsə də Azərbaycan xalqı bu şanlı zəfərlər barədə faktları, tarixi hadisələri nəsillərdən-nəsillərə ötürəcək, xatirəsini əbədiləşdirəcək. Heç şübhəsiz ki, bu tarix bir örnəyə çevriləcək.