20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu…
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri
Yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyi nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı müzakirə olunub. Müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirib ki, son illər ərzində Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı üçün bir çox işlər görülsə də, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri olduğunu bildirən dövlət başçısı ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artdığını qeyd edib.
Nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxladıqlarını qeyd edən Prezident İlham Əliyev son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildiyini, yeni metro stansiyaları istifadəyə verildiyini, yol qovşaqları, tunellər, körpülər inşa edildiyini və yeni yollar salındığını vurğulayıb. Dövlət başçısı bildirib ki, bu işlər görməsəydi Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi.
Bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edildiyini bildirən dövlət başçısı kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatdığını qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə edə bildiyimiz üçün ölkəmizin ərazisindən beynəlxalq nəqliyyat dəhlizləri keçir.”Buna görə bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır”.
Prezident İlham Əliyev bildirib ki, yeni layihələr arasında Zəngəzur dəhlizi də var ki, bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona daxil olub.Bu dəhlizin açılması üçün praktiki addımlar atdıqlarını qeyd edən dövlət başçısı Ermənistanı bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləməkdə ittiham edib.”Ermənistan müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur.
Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq ki, əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”.
Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarının müxtəlif yollarla, ilk növbədə, İran İslam Respublikası ərazisindən istifadə edilməklə təmin edildiyini qeyd edən dövlət başçısı bununla belə ən rahat yolun Ermənistan üzərindən keçməklə olduğunu qeyd edib. “Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir. Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib. Ondan sonra ardıcıllıqla getsək, ikinci cinayət Azərbaycanın ərazisində dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması idi”.
Azərbaycan xaıqına qarşı bu cinayətlərin ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi, Qarabağ xanının öldürülməsi ilə başladığını və XX əsrdə də davam etdiyini bildirən Prezident İlham Əliyev Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalını qeyd edib. “Biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq”.
Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikildiyini və təmir edildiyini, 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikildiyini vurğulayan dövlət başçısı qeyd edib ki, əgər bu işləri görülmsəydi, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə ola biləcəyini təsəvvür etmək çətin deyil.
Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil etdiyini qeyd edən Prezident İlham Əliyev 3400 kilometrə yaxın avtomobil yolu birləşdirən 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlandığını qeyd edib. Horadiz-Ağbənd dəmir yolunun 60 faizinin, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edildiyinə diqqət çəkən yeni dövlət proqramın qəbul ediləcəyini bildirib.
Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərlə bağlı yeni dövlət proqramının qəbul edilməsi zəruri olduğunu qeyd edən Prezident İlham Əliyev 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikildiyini və qəbul ediləcək Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulduğunu bildirib. Nəqliyyat infrastrukturunun önəmini qeyd edən dövlət başçısı bu işlər zamanı ekologiyaya diqqət yetirməli olduğunu diqqətlərə çatdırıb.