Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir

Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir
Abdulla Məmmədov

Suraxanı Rayonu, Zığ Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Fevral ayının 19-da cənab prezident İlham Əliyevin Ankara rəsmi səfəri baş tutmuşdur.Azərbaycanın Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarında hər iki olkənin əlaqələrinin yeni istiqamətlərini açıqlayıblar.

Bildiyimiz kimi fevral ayının 7-si Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilmişdir.Xalqın qalib lideri İlham Əliyev birdaha Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçildikdən sonra ilk Türkiyəyə səfər etməsi hər iki ölkənin arasında sıx dostluq, qardaşlıq  əlaqələrinin olmasını birdaha sübut edir.

Rəcəb Tayyib Ərdoğan öz çıxışında ilk olaraq İlham Əliyevi birda Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bağlı təbrik edib.Daha sonra Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Cənubi Qafqazda sülh və sabitliklə bağlı atılan addımları da müzakirə etdiklərini bildirib. O, Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh üçün tarixi imkan pəncərəsi açıldığını deyərək, pozuculuqla məşğul olan üçüncü qüvvələri əməkdaşlığa dəvət etdiyini deyib. Türkiyə Prezidenti Şuşa Bəyannaməsi əsasında iki ölkənin əməkdaşlığı davam etdirəcəyini bildirib.

Prezident İlham Əliyev Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq yardımı və dəstəyindən bəhs edib. O, bildirib ki,  bu gün Türkiyə və Azərbaycan arasındakı birliyi tək öz ölkələri üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.

O qeyd edib ki, Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir: “Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi”.

Azərbaycan lideri nəqliyyat sahəsində də oxşar mənzərənin yarandığını bildirib: “Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini bir milyon tondan beş milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir”.

Prezident İlham Əliyev iki ölkə arasında hərbi sahədə əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb: “Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır”.

Prezidentlərin çıxışlarında Şuşa Bəyannaməsinin bir daha vurğulanması tərəflərin bu sənədə sadiqliyinin göstəricisidir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı liderlərinin Şuşada qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyinin bu görüşdə açıqlanması üzv dövlətlərin ortaq marağının da olduğunun bir daha bəyan edilməsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında əməkdaşlığın yeni hədəfləri müəyyən edilməklə yanaşı, bu istiqamətdə yeni layihələr açıqlandı.