Əks təqdirdə Qarabağdan birdəfəlik getmək üçün yeni Laçın yolundan da istifadə edə bilərlər
Ermənistanın Qarabağda yaşayan ermənilər üzərində təsirini getdikcə daha çox itirdiyini, ermənilərin gələcəyini yalnız Bakı ilə olacağını və heç bir status olmayacağını belə ifadə etdi: ”Mən bunu ilk dəfə deyirəm, çünkü artıq bu proseslərin təzahürləri var idi, sadəcə olaraq, yeni Laçın yolunun hadisəsi bunu daha da qabarıq şəkildə göstərdi, - Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirirlər. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi məncə ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemini həll etmək iqtidarında deyil. Nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördülər ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar...
Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də, bilmirəm, populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının bilinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə”
Cənab Prezidentin dedikləri Azərbaycan hakimiyyətinin, Azərbaycan dövlətinin, Azərbaycan xalqının mövqeyini tam ifadə edir. Biz də Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşayan ermənilərin birgə yaşayış prinsiplərinə uyğun davranmağa çağırırıq. Əks təqdirdə Qarabağdan birdəfəlik getmək üçün standartlara uyğun yeni Laçın yolundan da istifadə edə bilərlər. Seçim onlarındır.