“Əbədi dostluq haqqında müqavilə”nin imzalanması qardaşlığın təsdiqidir
Səidə İmanova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 270 saylı uşaq bağçası- körpələr evinin müdiri
Azərbaycan və Özbəkistan iki müstəqil dövlət olsa da, aralarındakı qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Bu iki xalqı yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərindəki kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapmışdır. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial-ictimai, iqtisadi və digər sahələrində yaxından iştirak edir. Hələ çox əvvəllər Özbəkistanın çətin günlərində Azərbaycan Daşkənd şəhərinin bərpasında da yaxından iştirak etmişdir.
Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələrin tarixi 1995-ci il oktyabrın 2-nə dayanır. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə büyük əhəmiyyətə malikdir. Bu səfərlər daima hər iki dövlətin inkişafına xidmət edir. Belə səfərlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına etdiyi səfərdir. Bu səfər iki xalqın uzunmüddətli tarixi-mədəni əlaqələrə malik qardaşlıq münasibətlərinin davamı olduğunu bir daha sübut etdi. Görüş zamanı İlham Əliyev bildirmişdi ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 795 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə üç dəfədən çox artım deməkdir. O cümlədən, ticarət dövriyyəsindəki müsbət dinamika 2026-cı ildə də davam etməkdədir.
Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəqliyyat, tranzit və loqistika tərəfdaşlığı istiqamətində də Azərbaycan-Özbəkistan münasibətləri inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan müzakirələr və imzalanan sənədlərdən də görünür ki, iki ölkə arasındakı münasibətlər daha uzunmüddətlidir. “Əbədi dostluq haqqında müqavilə”nin imzalanması bunun bir daha təsdiqidir. Nəqliyyat, tranzit və loqistika əlaqələri həm ölkələrin coğrafi mövqeyindən, həm də müasir qlobal reallıqlardan irəli gələn əsas çağırışlardandır. Azərbaycan və Özbəkistan arasında imzalanmış sənədlər, qarşılıqlı investisiya qoyuluşları, eyni zamanda yük axınlarının artması və əlverişli coğrafi mövqe buna tam əsas verir.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistana səfər etdiyi vaxtda iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə diqqət ayırırdı. Səfər zamanı ölkə başçımız Milli İnformasiya Agentliyinə müsahibə verərək bildirdi ki, Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticarət əməkdaşlığı son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. İki ölkə arasında tranzit daşınmalarda artım müşahidə olunur. Dövlət başçısı bankçılıq sahəsindəki əməkdaşlığı, Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olduğunu xatırladıb.
Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Özbəkistan Respublikasının “Ali Dostluq” ordeni ilə təltif edib. Bu orden iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlığın və müstəqilliyin inkişafına verilən töhfənin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir.