Zərifə Əliyeva öz mənəvi ucalığı ilə cəmiyyətə nümunə olmuşdur

Zərifə Əliyeva öz mənəvi ucalığı ilə cəmiyyətə nümunə olmuşdur
Yusif İbrahimov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Bəşəriyyət özünü dərk edəndən həyatın və ölümün mənasını anlamağa çalışır, xoşbəxtliyin nə olduğunu dərk etməyə can atır. Müdriklərin qənaəti bundan ibarətdir ki, insanın xoşbəxtliyi etdiyi yaxşılıqlar qədərdir, insanın yaşla ölçülən ömrü quru bir statistikadır. İnsanın əsl ömrü xatırlandığı qədərdir. İnsan dünyasını dəyişəndə ölmür, insan unudulanda ölür. Unudulmayan insanlar sağlığında öz əməlləri ilə ölməzlik qazananlardır. Öz mənəvi ucalığı ilə cəmiyyətə nümunə olanlardır!
Özünün işıqlı və humanist peşəsi, yenilikçi və faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmiş, XX əsr Azərbaycan Oftalmologiya məktəbinin yaradıcılarından biri akademik Zərifə xanım Əliyeva tanrının sevdiyi və əbədi yaşayan haqqı verdiyi seçilmişlərdəndir. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.
1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
Fövqəladə ağlı, istedadı, biliyi və çalışqanlığı sayəsində öz adını Azərbaycanın səhiyyə və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırmış professor Əziz Əliyevin çevrəsində və ailəsində həmişə yüksək mədəni, intellektual, mənəvi mühit olmuşdur. Yəqin ki, professor Əziz Əliyevin övladlarının gələcəkdə ölkənin tanınmış elm və incəsənət xadimləri kimi yetişməsində bu mənəvi mühitin mühüm rolu olmuşdur. Eyni zamanda, bu uğurların əsasında soy-kökdən gələn istedadla yanaşı, ailə ənənələrindən doğan çalışqanlıq, məsuliyyət, məqsədyönlülük, daxili intizam və mədəniyyət dayanırdı.
Professor Zərifə Əliyevanın həkimlik sənətini seçməsi də ailə ənənəsi ilə əlaqədar olmuşdur. Atası Əziz Əliyev, böyük qardaşı Tamerlan Əliyev, bacıları Ləzifə xanım ilə yanaşı, bibisi Göyçək xanım, əmisi Ziyad Əliyev, bibisi Şamama xanım Ələsgərova, bibisi oğlanları Qurban Əliyev (o, uzun illər respublikamızın Ali və Orta ixtisas təhsili naziri olmuşdur), Yusif Əliyev görkəmli həkim, səhiyyə təşkilatçısı və tibb alimləri olmuşlar.
Zərifə xanım Əliyeva daim Azərbaycan xalqının qəlbində yaşayacaq!
Allahdan hörmətli Zərifə xanım Əliyevaya rəhmət diləyir, əziz xatirəsini ehtiramla yad edirik!