Azərbaycan Ermənistana davamlı olaraq sülh, Qarabağ ermənilərinə isə normal həyat təklif edir
Yavər Nuriyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Sukanal İdarəsinin məsul əməkdaşı
Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş Şuşa şəhərində “Euronews” televiziya kanalına müsahibə verib. Müsahibəsində bildirib ki, Ermənistanla 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın sülh razılaşması olmadığını, onun Ermənistanın kapitulyasiya aktı olduğunu vurğulayıb. 10 noyabr bəyanatına əsasən Azərbaycan və Ermənistan tutduqları mövqelərdə qalmalı, müəyyən olunmuş tarixlərdə Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonunu boşaldıb Azərbaycana qaytarmalı idi. Azərbaycan sülh danışıqlarında və müharibədə hər zaman ədalətli mövqe nümayiş etdirmişdir. “30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq”.
Azərbaycan Ermənistana davamlı olaraq sülh, Qarabağ ermənilərinə isə normal həyat təklif edir. “Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik”.
Müasir dünyada ölkəmizin ədalətli və sülhpərvər mövqeyi Azərbaycanın dünyaya ənənəvi humanizm prinsiplərini nümayiş etdirir. Dünyanın bir çox beynəlxalq təşkilatları ilə fəal əməkdaşlıq edən Azərbaycan fəallığı ilə seçilmiş, təşəbbüslər irəli sürmüşdür. Azərbaycan ənənəvi resursları ilə yanaşı, təbii və ekoloji cəhətdən təmiz olan enerjinin də Avropaya ötürülməsi layihəsini uğurla icra edir. Ölkəmizin bu istiqamətdəki perspektivləri enerji ixracatçısı olan bir sıra dövlətlər və şirkətlər tərəfindən yüksək qiymətləndirilib.