Zərifə xanım Əliyeva böyük tarixi öhdəlikləri məharətlə yerinə yetirə bilmişdir

Zərifə xanım Əliyeva böyük tarixi öhdəlikləri məharətlə yerinə yetirə bilmişdir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının sədri

Əlbəttə, hər bir xalqın özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər bir xalqı digər xalqlardan həm fərqləndirir, həm də müəyyən mənada birləşdirir. Bizim xalqımızın ən xarakterik xüsusiyyəti ailə fərdlərinin  bir-birilərinə, ailə dəyərlərinə olan bağlılığı və sevgisidir. Uzun illər müxtəlif imperiyaların dağıdıcı siyasətlərinin qurbanlarına çevrilsək də, Azərbaycan xalqı həmişə içində milli ruhu qoruyub saxlaya bilmişdir. Öz dilini, dinini, milli-mənəvi keyfiyyətlərini, özündən böyüklərə hörməti və özündən kiçiklərə qayğını, sevgini ifadə edərək göstərmək xalqımızın ən ümdə xüsusiyyətlərindəndir. Azərbaycan xalqı tarixin ən çətin  mərhələlərindən öz ləyaqətli oğul və qızlarının hesabına alnıaçıq, başı dik çıxa bilmişdi.

Tarixin yazılmasında, qələmə alınmasında tarixiçilərin böyük əməyi olduğu kimi, tarixi hadisələrin ərsəyə gəlməsində tarixi şəxsiyyətlərin də rolu böyükdür. Bəzi insanlar var ki, onların adları bir xalqın adına bərabərdir. Xalqının adını çəkəndə ilk ağıla məhz o şəxsiyyətlər gəlməkdədir. O tarixi şəxsiyyətlər isə öz adlarında bütün bir xalqı ehtiva edə bilirlər. Bu şəxsiyyətlərin formalaşdıqları mühit və onların inkişaflarında müstəsna rola malik olan insanların da əməkləri mütləq qeyd olunmalıdır. Bir liderin formalaşması, sevilməsi, inkişaf etməsi uzun və məşəqqətli bir yoldur. Bu yolda birgə addımlayan, dəstək verən, ömür-gün yoldaşları çox vacib amildir.

Siyasətlə məşğul olmaq arzusunda olan hər bir kəs, xüsusi ilə də bizim regionumuzda mütləq Ulu Öndərin siyasi irsini öyrənməli və özünə onun fəaliyyətini nümunə götürməlidir. Lakin Ümummilli Liderin fəaliyyəti qədər onun həyatı da hər zaman böyük marağa səbəb olmuşdur. Ulu Öndər öz həyatı ilə sübut etmişdir ki, ən zirvəyə qalxmaq üçün heç də xüsusi imtiyazlara malik olmaq lazım deyildir. Heydər Əliyevin bütün imtiyazları məhz ona Allah tərəfindən bəxş edilmişdir. Onun işığı, nuru bəs edir ki, ətrafında olan ləyaqətli insanlar ona dost olsun. Onun həyat yoldaşı, ömür-gün sirdaşı mərhum Zərifə xanım Əliyevaya da Ulu Öndərin fövqəlbəşər nuru, ətrafına bəxş etdiyi gözəl aura bəs etmişdi ki, bütün mənalı ömrünü Heydər Əliyevə həsr etsin. Çətin və şərəfli bir missiyanı uzun illər ləyaqətlə sevə-sevə icra edən Zərifə xanım böyük tarixi öhdəlikləri misilsiz məharətlə yerinə yetirə bilmişdir.

Belə bir deyim var ki, dövlət kiçik ailədir. Və ya dövlət ailələrin məcmusudur. Heydər Əliyev kimi dahi bir şəxsiyyətin ailəsi, onun uğurlu fəaliyyətinin ən vacib məqamlarından biri hesab olunmalıdır. Ailə başçısını onun ailəsində olan dəyərlər kredosu ucaldar. Cəmiyyətdə bir insan hər nə qədər böyük hörmətə malik olsa da, mütləqdir ki, ailə fərdləri də onun ideyalarına, onun arzularına, xəyallarına və yoluna şərik olsun. Ulu Öndərin uşaqlığı çətin, yoxsulluq illərinə təsadüf edir. Özündən başqa qayğısını çəkməli olduğu bir böyük ailəsi də var idi. Zərifə xanımla Heydər Əliyevin qarşılaşması hər ikisinin gələcək həyatlarının istiqamətini dəyişmiş oldu. Bu görüş eyni zamanda Azərbaycan xalqının gələcək taleyinin də formalaşmasında xüsusi rol oynadı. Bakının müharibədən sonrakı kasıb, küləkli və qaranlıq küçələrində böyük sevgi ilə bir-birinə bağlanan ülvi qəlblər bilməzdilər ki, qarşıdakı uzun illər ərzində ölkənin gələcəyinə işıq salacaqlar.  Heydər Əliyevin Zərifə xanıma olan sevgisi də böyük cəsarət nümunəsi idi. Siyasi təzyiqlərə rəğmən dövlət xadimi, ictimai-siyasi xadim Əziz Əliyevin qızı ilə görüşmək, onunla evlənmək o dövr üçün böyük cəsarət tələb edirdi. Lakin Ulu Öndər ən gənc yaşlarında mübarizələrə hazır idi.

Yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salarkən xatırlamağa, arxalanmağa, öyünməyə məqam tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Uzun illərdir ki, Zərifə xanımın anım tədbirlərinin iştirakçısıyam. Hər dəfə qarşınıza çıxmazdan əvvəl böyük akademikin həyat kitabına müxtəlif oçerk və xatirələr əsasında nəzər yetirirəm. Məndə belə bir fikir formalaşır ki, Zərifə xanım gördüyü xeyir əməllər, nur verdiyi gözlər, əlindən tutduğu tələbələr vasitəsi ilə bu dünyaya sonsuz töhfələr vermişdi. Lakin dünyamız ondan doymadı. Onun vaxtsız gedişi başı qarlı zirvələri xatırladan Ulu Öndərin qəlbində bir yara açdısa da, qədirbilən xalqımızın qəlbində yüzlərlə yara açdı.

Akademik Zərifə xanım Əliyeva milli oftalmologiyamızın banilərindən biri, deyərdim birincisi hesab olunur. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmış Zərifə xanım Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. Onlarla həkim, ixtisaslı kadr yetişdirən Zərifə xanım öz tələbələri tərəfindən böyük sevgi və sayqı ilə anılmaqdadır. Zərifə xanımın həyatını mənalandıran nə varsa – onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti – hamısı bu nəcib qadının ruhundan, nurundan şölələnib. Zərifə xanımın insanlara həsr etdiyi hər mənalı günü xoş əməl naminə sərf olunub.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan Zərifə xanım Əliyeva xalq üçün, vətən üçün əlindən gələni əsirgəməyərək öz mənalı ömrünü Ulu Öndərə və övladlarına həsr etmişdir. Ailəsində qoyduğu iz, yüksək mənəvi dəyərlər, övladlarının milli ruhda tərbiyəsi nəticədə onu qəlblərdə yanan əbədiyyət çırağına çevirdi. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Vətənin qüruru sayılan iki övlad böyütmüş ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda böyük insanın işıqlı obrazı canlanır. O, öz dövrü üçün Azərbaycan xanımlarının etalonu hesab oluna bilərdi. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli, el içində başı daim uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etməmiş olarıq. Mərhum Zərifə xanımın nəcib bədəni 37 ildir ki, çox sevdiyi vətən torpağına əmanətdir. Lakin onu tanıyanların qəlbində hər zaman böyük sevgi və məhəbbətlə anılan Zərifə xanım daim yaşayacaqdır.

Ot kökü üstə bitər, deyib atalarımız. Bu gün Zərifə xanımın ocağında hələ də onun nəcib əməlləri, insani keyfiyyətləri gəlini çox hörmətli Mehriban xanım Əliyeva, qızı Sevil xanım Əliyeva, nəvələri Leyla və Arzu xanım Əliyevalar tərəfindən qorunub saxlanmaqdadır. 20-ci əsrin ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyev kimi dünya miqyaslı bir liderin inkişafında müstəsna xidmətlərə malik Zərifə xanım, 21-ci əsrə öz imzasını atan Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi bir düha bəxş etmişdir. Xalqının çırağına çevrilmiş cənab Prezident İlham Əliyev kimi bir liderə tərbiyə verən, ona öz sevgisindən pay bəxş edən Zərifə xanım xalqımız tərəfindən daim xatırlanacaqdır.

Ruhu şad olsun!