Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq

Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq

LEYLİ RÜSTƏMOVA

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söylədi. Forumda Prezident İlham Əliyevin çıxışı, həmin çıxışda səsləndirdiyi bəyanatlar mühüm əhəmiyyətə malikdir. Prezident çıxışında vurğulayıb ki, təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Əlbəttə ki, hər bir ölkə bu prosesə ilk növbədə təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.

Prezident çıxışında Ermənistan –Azərbaycan arasında 2020- ci ilin sentyabrın 27-də başlamış 44 günlük Vətən Vüharibəsindən də bəhs edib, otuzillik işğalın ağır nəticələrini bir daha forum iştirakçılarının diqqətinə çatdırıb. Prezident çıxışında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər, siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər. Müharibə başa çatdıqdan sonra artıq hər kəs görə bildi ki, onlar işğal dövründə oraları necə viran qoyublar.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Ermənistan höküməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidirlər.

Dövlətimizin başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib. Ölkə başçısı bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.

Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq. Azərbaycan dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu. Ümumiyyətlə Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Regionun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər.