Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır

Arzu Məmmədli

YAP Suraxanı rayon təşkilatının fəal gənci

İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir. Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizin qarşısında duran prioritet vəzifə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin müasir tələblərə cavab verən yüksək keyfiyyətdə və qısa müddətdə həyata keçirilməsi idi.  Otuz ilə yaxın erməni işğalı altında olan ərazilərə baxış keçirilərkən dünyada misli görünməmiş barbarlığın baş verdiyi məlum oldu. Qələbədən bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərə səfərlərə başladılar. Prezident İlham Əliyev Vətən Müharibəsindən sonra ərazi bütövlüyümüzü şərtləndirən, işğalçılardan azad edilən torpaqlara, rayon və şəhərlərimizə  səfərlər edir, barbarlıqla dağıdılan ərazilərimizdə tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıqlarını verir. Dövlətimizin başcısının çıxışında vurğuladığı kimi, ermənilərin törətdikləri bu vandal əməllər xarici kanallar vasitəsilə də görüntüləndi və hər kəsə onların hansı düşüncəyə sahiblik etdikləri aydın oldu.

Ermənilər Azərbaycanın işğal edilmiş şəhər və kəndlərini  başdan-başa  qarət etmiş, dağıtmış və yandırmış, tarixi-mədəniyyət  abidələrimizi xüsusi bir amansızlıqla  yer üzündən silmişlər. Buna görə də insanlıq simasını itirmiş işğalçılar Qarabağda Azərbaycan tarixinin canlı göstəricisi olan abidələrin, irili-xırdalı tikililərin əksəriyyətini məhv etmiş, xalqımıza məxsus olan əlamətləri yox edərək öz adına çıxmışdılar.

Qarabağ Azərbaycan incəsənətinin  və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. İşğal dövründə talan edilmiş muzeylərdə  Azərbaycana məxsus tarix və mədəniyyətinin qiymətli nümunələri, dünyada məşhur olan Azərbaycan  xalçaları və görkəmli şəxsiyyətlərimizin xatirə əşyaları digər dəyərli eksponatlar olmuşdur.  Məhv  edilmiş xəzinələr təkcə Azərbyacanın deyil, həm də bütün dünya mədəniyyətinin nümunələri idi. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə indi milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində  mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, abadlıq və bərpa işləri geniş vüsət alıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, yeni müəssisələrin təməlini qoyur, tikintisi başa çatdırılanların isə açılış mərasimlərində iştirak edirlər. Bunun nəticəsidir ki, Qarabağda aparılan bərpa-quruculuq işləri beynəlxalq ictimaiyyətin də marağına səbəb olub.

Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlətin dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Həmin vaxtdan başlanan genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri dünyada əks-səda verdi. Çətin relyefə malik ərazidə hava limanları inşa olunmağa başladı. Azərbaycan, Qarabağ məhsullarının xarici bazarlara ixrac olunması üçün hava limanlarına xüsusi ehtiyac var. Buna görə də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşa edilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Təkcə yol, enerji strukturları deyil, məktəblərin, xəstəxanaların, yaşayış komplekslərinin təməli də qoyulur. Ağıllı şəhər və Ağıllı kənd layihələri  icra olunur.

Zəngilan rayonu da dəhşətli dağıntılara məruz qalıb. Pilot layihələrdən biri də  Zəngilanın  Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və  rahat kənd olması nəzərdə tutulur.  Zəngilan rayonunda böyük infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi nəticəsində Zəngəzur dəhlizi ilə nəqliyyat xətləri qurulur. Bunun nəticəsində Zəngilanın beynəlxalq  nəqliyyat-logistika mərkəzi kimi tanınması qarşıya məqsəd qoyulub.

 

Zəngəzur dəhlizi bir reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu,  həm də avtomobil yolu  beynəxalq yükdaşımalar üçün yeni bir yol olacaq. Zəngilanda yaradılan əhatəli nəqliyyat strukturu bu rayonun, eləcə də işğaldan azad edilən digər yaşayış sahələrimizin  iqtisadi inkişafında önəmli rol oynayacaq, keçmiş məcburi köçkünlərin rahatlığına, sosial durumuna müsbət təsir göstərəcək.

Ölkə rəhbəri bu il Ağalı kəndində yeni müəssisələrin yaradılmasının nəzərdə tutulduğunu, oarada məskunlaşacaq  sakinlər üçün həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər  tərəfindən yaradılmış müəssisələrdə əlverişli şərait  qurulacağını vurğulayıb, yüksək məhsuldarlıq üçün sudan nəzərdə tutulan qayda əsasında istifadə edilməsi, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu xatırladıb. Burada əvvəlcə inzibati binalar, qapalı və açıq heyvandarlıq kopleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonaları tikiləcək. Bütün bunlar ölkəmizin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının  beynəlxalq  bazarlara çıxarılmasına imkan yaradacaq.

Ölkəmizin cənub-qərb incisi, əsrarəngiz təbiəti ilə könül oxşayan  Zəngilan qədim yaşayış məskənimiz kimi hər daşında, abidəsində şərəfli tariximizi özündə yaşadır. Azərbaycan dövlətinin qısa müddətdə  işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər, ortaya qoyduğu iqtisadi layihələr onu göstərir ki, ölkəmiz 44 günlük  Vətən savaşının nəticəsi olaraq tək ərazi bütövlüyünü bərpa etmədi, həm də regionun lider dövləti kimi qlobal layihələrinin əsasını qoydu.