Cəbrayılın Azadlığı və Dirçəlişi: Dağıntılardan Müasir Gələcəyə

Cəbrayılın Azadlığı və Dirçəlişi: Dağıntılardan Müasir Gələcəyə

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Azərbaycanın işğal altında olan torpaqları, o cümlədən Cəbrayıl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlət siyasəti və ordumuzun rəşadəti sayəsində artıq azad edilib. Bu tarixi zəfər xalqımıza böyük qürur, sevinc və fərəh hissi bəxş edir. Çünki bu gün Azərbaycan bütövdür.

Ermənistanın işğalı dövründə həmin ərazilər yarasız vəziyyətə salınmış, şəhər və kəndlərimiz talan edilərək tamamilə viran qoyulmuşdu. Lakin bu gün azad olunmuş Azərbaycan torpaqlarında cənab Prezidentin göstərişi əsasında irimiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Hazırda bu ərazilərdə müasir yollar salınır, yeni evlər, xəstəxanalar, məktəblər və yaşayış kompleksləri tikilir. Bir sözlə, doğma torpaqlarından məcburi köçkün düşmüş əhalinin geri qayıtması və rahat yaşaması üçün hər bir şərait yaradılır.

Azadlığına qovuşan qədim yurd yerlərimizdən biri də Cəbrayıl şəhəridir. 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edildi. Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyət daşıyırdı; bura Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olmaqla yanaşı, növbəti strateji qələbələrimizə və digər rayonların xilas edilməsinə geniş cığır açdı. Azərbaycan Prezidenti cənab İlham Əliyev qədim Xudafərin körpüsündə əzəmətli üçrəngli bayrağımızı ucaltmaqla Cəbrayılın azadlığını bütün dünyaya nümayiş etdirdi.

Ölkə başçısının düşmən tapdağından qurtulmuş torpaqlara müntəzəm səfərləri bərpa prosesinin sürətlənməsində mühüm rol oynayır. O, bölgədə aparılan yenidənqurma işləri ilə yaxından tanış olaraq müvafiq tapşırıq və tövsiyələrini verir. Prezidentin Cəbrayıl şəhərinə ilk səfəri şəhərdə dövlət bayrağını ucaltması ilə əlamətdar oldu. Ali Baş Komandan ermənilər tərəfindən dağıdılmış şəhərin mövcud vəziyyəti ilə yaxından tanış oldu və kəndlərdə əkin sahələrinin yenidən dövriyyəyə cəlb edilməsi üçün göstərişlər verdi.

Dövlət başçısının müvafiq Sərəncamı ilə Cəbrayılın azad olunduğu gün — 4 oktyabr tarixi hər il "Cəbrayıl Şəhəri Günü" kimi böyük təntənə ilə qeyd olunur. Bu əlamətdar gün xalqımızın tarixi yaddaşının qorunması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və doğma yurduna qayıdan insanların həyatında yeni intibah dövrünün rəmzidir.

Zaman keçdikcə şəhərin siması tamamilə dəyişir. 2021-ci ildə İlham Əliyev bərpa olunmuş “Cəbrayıla xoş gəlmişsiniz” lövhəsinə baxış keçirmiş, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərək hərbi qulluqçularla görüşmüşdür. Həmin ilin oktyabr ayında dövlət başçısının iştirakı ilə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulmuşdur. Layihəyə əsasən, 150 çarpayılıq bu tibb müəssisəsi geri qayıdacaq əhaliyə ən müasir standartlara uyğun tibbi xidmət göstərəcəkdir.

Bununla yanaşı, Prezident yeni inşa ediləcək Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin də təməlqoyma mərasimində iştirak etmişdir. Müasir sinif otaqları və laboratoriyalarla təchiz olunacaq bu məktəb Cəbrayılın gələcək savadlı nəslini yetişdirəcəkdir. Keçmiş məcburi köçkünlərin öz ata-baba ocaqlarına sürətlə və rahat şəkildə qayıtmasını təmin etmək məqsədilə, dövlət başçısının göstərişinə əsasən şəhərdə çoxmənzilli müasir yaşayış binaları inşa edilir. Bu komplekslər Cəbrayıla qayıdan yüzlərlə ailənin yeni, təhlükəsiz və rifah dolu həyatının başlanğıcıdır.

Paylaş