Zəngilan Hava Limanının açılışı Şərqi Zəngəzur üçün çox önəmli hadisədir

Zəngilan Hava Limanının açılışı  Şərqi Zəngəzur üçün çox önəmli hadisədir

Leyli Rüstəmova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən

Azərbaycan və Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb, inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər yaxın olan ikinci bir dövlət yoxdur.  Oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişdir. Hələ 1918-ci ildə Azərbaycan ən ağrılı günlərində Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını daşnaqların əlindən xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi.

Türkiyə  Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə iki ölkə arasında Hərbi–texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlaşması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan  Türkiyə Silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə - Azərbaycan qardaşlığı, birliyi daha  yüksək pilləyə qalxıb. Azərbaycan - Türkiyə bayraqları bir yerdə dalğalanır. Ölkəmizə səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci Hava Limanının açılışını yüksək qiymətləndirdi.

Biz bölgədə davamlı sülhün və hər tərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq, gün gələcək  Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. Iğdıra, Qarsa gedə biləcəyik.

Oktyabrın 20-i 2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının açılışı mərasimi oldu. Bu Hava Limanı Qarabağı mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu Hava Limanı Zəngəzur dəhlizinin hava nəqliyyatını infrastrukturu ilə gücləndirilmə baxımından strateji əhəmiyyət kəsb edir. Bundan sonra Hava Limanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan Beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha da çox gəlir əldə etməsinə imkan verəcək.

“Bu layihələr ayırıcı deyil, birləşdiricidir.”- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan- Türkiyə münasibətlərini Şuşa bəyannaməsi müttəfiqlik səviyyəsinə qaldırıb.

Biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir. Zəngilan Şərqi Zəngəzurda yerləşir. Buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək.  Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin reallaşdırılması üçün praktiki addımlar atırlar və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz nəticələrini verəcək.

 Görülən işlər onu göstərir ki, Azərbaycan  bölgədə  söz sahibinə çevriləcək. Qonşu dövlətlər Azərbaycanla müttəfiq olmağa can atacaq. Bu cənab prezident İlham Əliyevin gördüyü qətiyyətli və uğurlu siyasətinin nəticəsidir.

Yaxın gələcəkdə Azərbaycan şərqdən qərbə doğru doğacaq bir günəş olacaq.