Zəfər Günü bu torpaqların azadlığı bir xalqın birliyinin, vəsiyyətə sədaqətin və liderin müdrikliyinin nəticəsidir
Gülşən Yusubova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi
Tariximizin ən qürurlu səhifələrindən biri – 8 Noyabr Zəfər Günü Azərbaycan xalqının iradəsinin, birliyinin və gücünün təntənəsidir. Uzun illər işğal altında qalan torpaqlarımız uğrunda mübarizə aparan xalqımız nəhayət ki, ədaləti və suverenliyi bərpa etdi. Bu qələbə Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsidir. O, öz oğluna – İlham Əliyevə – tapşırmışdı ki, “o torpaqları geri qaytarsın”
Bu gün həmin müqəddəs vəsiyyət Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müdrikliyi və uzaqgörən siyasəti nəticəsində gerçəyə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində “Öldü var, döndü yoxdur” deyərək hər gün irəliyə getdi və torpaqlarımıza azadlıq gətirdi.
Bu tarixi Qələbə dövlətimizin gücünü, ordumuzun rəşadətini və xalqımızın sarsılmaz birliyini nümayiş etdirdi. Zəfər həm də birliyin və həmrəyliyin qələbəsidir. Dövlət, xalq və ordu bir amal uğrunda birləşdi – və bu birliyə “Dəmir yumruq” adı verildi. Məhz bu milli birlik və Prezident İlham Əliyevin sarsılmaz iradəsi sayəsində Azərbaycan XXI əsrin ən ədalətli müharibəsində qalib gəldi.
Bu gün həmin birlik Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və humanist təşəbbüsləri ilə Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və quruculuq işlərində davam edir. Yeni yollar, məktəblər, evlər, məscidlər inşa olunur, həyat geri qayıdır. Azərbaycan artıq yalnız qalib ölkə deyil – həm də qurucu və yeniləyici ölkədir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərirlər. “YAŞAT” Fondu onların birbaşa təşəbbüsü ilə bu müqəddəs missiyanı uğurla həyata keçirir. Bu gün Azərbaycan bütün sahələrdə – iqtisadiyyatda, mədəniyyətdə, diplomatiyada, enerji və innovasiyada böyük uğurlara imza atır.
İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində ölkəmiz regional gücdən qlobal söz sahibinə çevrilib. Bütün dünya artıq Azərbaycanı, onun Prezidentini İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı tanıyır, hörmət və ehtiramla qarşılayır. Bu, Heydər Əliyev siyasətinin davamı, İlham Əliyev dövrünün Zəfəri və Azərbaycan xalqının əbədi qürurudur.
Zəfər Günü bizə xatırladır ki, bu torpaqların azadlığı bir xalqın birliyinin, vəsiyyətə sədaqətin və liderin müdrikliyinin nəticəsidir. Bu gün hər birimiz bu qələbəni qorumağa, onu inkişafla, ədalətlə və sabitliklə davam etdirməyə borcluyuq.
Qarabağ-Azərbaycandır!