Zirvə görüşü türk dövlətlərinin siyasi həmrəyliyinin möhkəmləndiyini göstərir

Zirvə görüşü türk dövlətlərinin siyasi həmrəyliyinin  möhkəmləndiyini göstərir

Afaq Səfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktor müavini

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 21 may 2025-ci ildə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü yerli və xarici mıtbuatda geniş şəkildə şərh olunmaqdadır. Dövlət başçılarının Zirvə görüşünün ilk dəfə olaraq türk coğrafiyasından kənarda – Avropada baş tutması xüsusilə diqqət cəlb edir. Zirvə görüşündə ötən ilin noyabrında ölkəmizin COP29 konfransını yüksək səviyyədə təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu beynəlxalq tədbir zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Azərbaycan Prezidenti bu sazişin ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq etimadının göstəricisi olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı üçün də nüfuz qazandıran bir hadisəyə çevrilib. Zirvə görüşündə qəbul edilmiş Bəyannamə türk dövlətlərinin birliyini göstərən mühüm sənəddir. Bəyannamədə TDT-nin beynəlxalq təşkilatlarla əməkdaşğının dərinləşdirilməsi təşviq edilir. Sənəddə üzv ölkələrin bir-birinin namizədliklərini və təşəbbüslərini beynəlxalq platformalarda qarşılıqlı şəkildə dəstəkləməsi vurğulanır. Xüsusilə, Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və 2028–2030-cu illər üçün ECOSOC-un üzvlüyünə namizədliyinin dəstəklənməsi Türk Dövlətləri Təşkilatının qlobal miqyasda koordinasiyalı fəaliyyətə verdiyi önəmi nümayiş etdirir.

Budapeştdə keçirilən Zirvə görüşü türk dövlətlərinin siyasi həmrəyliyinin, iqtisadi əməkdaşğının və ortaq kimlik əsasında birliyinin daha da möhkəmləndiyini göstərir. Prezident İlham Əliyevin çıxışında ifadə olunan fikirlər Azərbaycanın regionda nəqliyyat, energetika və ekoloji sahələrdəki lider mövqeyini, eləcə də Türk dünyasına sadiqliyini bir daha təsdiqləyir.