Ümidsizlikdən Zəfərə: Bir Gəncin Nəzərində 3 Oktyabr Gerçəkliyi
Ayxan Aslanlı
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Dövlət İqtisad Üniversitetinin tələbəsi
Müasir bir Azərbaycan gənci olaraq, geriyə boylanıb tariximizə nəzər salanda bəzi günlərin sadəcə təqvim yarpağı olmadığını, bütöv bir nəslin gələcəyini formalaşdırdığını çox aydın görürəm. Mənim və həmyaşıdlarımın bu gün azad, müstəqil və güclü bir ölkədə yaşamasının bünövrəsi məhz 3 oktyabr 1993-cü ildə qoyulub. Həmin payız günü xalqımız seçkilərə gedərək 98.84 faiz kimi mütləq bir səslə öz gələcəyini Ulu Öndər Heydər Əliyevə əmanət etdi. Bu, sadəcə bir seçki deyil, uçurumun kənarında olan bir dövlətin dirçəliş, yüksəliş hərəkatı idi.
Mən tez-tez düşünürəm ki, əgər həmin kritik gündə Ulu Öndər prezident seçilməsəydi, bu gün biz necə bir ölkədə yaşayardıq? Tam səmimi demək lazımdır ki, onun sarsılmaz siyasi iradəsi, idarəçilik dühası və xilaskarlıq missiyası olmasaydı, bu gün mən və mənim həmyaşıdlarım olan müasir Azərbaycan gəncliyi tamamilə ümidsiz, gələcəyi qaranlıq və sabaha inamını itirmiş bir cəmiyyətdə böyüyərdik. Müharibənin, daxili xaosun və iqtisadi böhranın boğduğu bir respublikada gənclərin nə xəyalları, nə də böyük hədəfləri ola bilərdi.
Bizə bu gün dünyanı fəth etmək üçün güc verən, beynəlxalq arenada başımızı dik tutmağımızı təmin edən ən böyük amil Ulu Öndərin qurduğu o möhkəm dövlətdir. Məhz onun şəxsi nüfuzu sayəsində risklərdən qorxub geri çəkilən xarici investorlar Azərbaycana gəldi və 20 sentyabr 1994-cü ildə iqtisadiyyatımızın qurtuluş rəmzi olan “Əsrin müqaviləsi” imzalandı. Bu gün bizim təhsil almağımız, qlobal layihələrdə iştirakımız, dünyanı gəzməyimiz və ən əsası, qalib bir ölkənin vətəndaşı olaraq qürur duymağımız həmin uzaqgörən neft strategiyasının və dahi liderin əzminin bəhrəsidir.
Heydər Əliyev təkcə dövləti xilas etmədi, o, həm də gələcək nəsillərin sönmək üzrə olan ümidlərini yenidən alovlandırdı. Biz gənclər bu gün özümüzü şanslı və güclü hiss ediriksə, buna görə Ümummilli Liderin əbədi irsinə və xalqımızın 1993-cü ildə etdiyi o dahi seçimə borcluyuq. Onun əziz xatirəsi və dövlətçilik ideyaları bizim yolumuzu hər zaman bir məşəl kimi işıqlandıracaq.