Hacıbala Abdullayev
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də ölkəmizə dövlət səfəri ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifədir. Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, xalqlarımız arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Qurulan dost münasibətlər Özbəkistan Prezidentinin “Biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib” fikirlərində aydın ifadəsini tapır.
Son illərdə Özbəkistanla Azərbaycan arasında münasibətlər keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoyaraq "strateji dərinlik" əldə edib. Müstəqilliyə qovuşmaq üçün keşməkeşli yol qət edən, itkilərə məruz qalan Azərbaycan və Özbəkistan xalqları dövlət müstəqilliklərini əldə etdikdən sonra dostluq, qardaşlıq münasibətləri quraraq daha da inkişaf etdirib və bu münasibət illərin sınağından çıxaraq bugünkü səviyyəyə çatıb. Eyni soy-kökə, tarixə və səmimi münasibətlərə söykənən Azərbaycan-Özbəkistan əlaqələri gələcəkdə daha yeni səviyyəyə yüksələcək və möhtəşəm birliyə çevrilməsinə təkan verəcək.
Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir.
Özbəkistan həm də ərazi bütövlüyü məsələsində hər zaman Azərbaycanı dəstəkləyib və sırf işğal siyasətinə görə Ermənistanla diplomatik münasibət qurmayan üç ölkədən biridir. Azad olunmuş ərazilərin bərpasında Azərbaycanın yanında olan dost ölkə Füzulidə öz büdcəsi hesabına böyük məktəb inşa edib. Bu, bir neçə gün əvvəl öz dədə-baba yurduna qayıdan soydaşlarımıza, Füzuli şəhərinin ilk sakinlərinə dəstəkdir. Belə ki, builki tədris ilində Füzuli sakinləri Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar.
Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığında əldə olunmuş dinamik tərəqqi davam etməkdədir. Prezident İlham Əliyevin hər bir Mərkəzi Asiya ölkəsi ilə əməkdaşlığın inkişafına ayırdığı diqqət iki böyük region arasında qlobal anlamda mühüm əlaqələrin möhkəmlənməsinə səbəb olub. Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir. Azərbaycan da öz növbəsində Mərkəzi Asiya ölkələri ilə intensiv dialoq aparır. Vətən müharibəsindən sonra bu, keyfiyyətcə yeni mərhələyə çıxıb. Burada türkdilli dövlətlər amilini da nəzərə almaq lazımdır.
Prezidentlərin görüşü zamanı əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edən bir neçə sənəd imzalandı. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək lazımdır. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin bu gün yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir. Bu müqavilə münasibətlərin inkişafında yeni səhifə açacaq. Həmin sənədlər iqtisadiyyat, sənaye, ticarət, rəqəmsal inkişaf və nəqliyyat, energetika, media və digər sahələrdə çoxtərəfli əməkdaşlıq üçün möhkəm bünövrə sayıla bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, görüşlər və danışıqlar münasibətlərin inkişafının gələcəyini müəyyən etdi. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi isə regional əməkdaşlıq və beynəlxalq inteqrasiyanı sürətləndirəcək.
Ölkələrimiz arasında əlaqələr təkcə siyasi-iqtisadi yöndə deyil, mədəniyyət sahəsində də uğurla davam etdirilir. Ötən il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib. Azərbaycan mədəniyyəti hər zaman özbək xalqı üçün maraqlı və sevilən olduğu kimi, azərbaycanlılar tərəfindən də özbək mədəniyyətinə, özbək musiqisinə maraq göstərilir. Bütövlükdə, Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu səfər də bunu bir daha sübut etdi.