1993-cü İl 3 Oktyabr Seçkiləri Milli Qurtuluşdan Dayanıqlı İnkişafa Gedən Yolun başlanğıcıdır
Şəfəq İbişova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 76 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində 1991–1993-cü illər dərin siyasi, iqtisadi və hərbi böhran, hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Müstəqilliyin ilk illərində ölkədə yaranmış hakimiyyət boşluğu, daxili çəkişmələr və xaos dövlətçiliyin varlığını birbaşa təhlükə altına qoymuşdu. Belə bir mürəkkəb tarixi şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaqdan və məhv olmaqdan xilas edən böyük siyasi xilaskarlıq missiyasını üzərinə götürdü.
1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq prezident seçkiləri Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli qurtuluşa gedən yolun möhkəm təməlini qoydu. Bu seçki yalnız idarəetmənin peşəkar əsaslara keçidini təmin etmədi, həm də ölkədə ictimai-siyasi sabitliyin və dövlət suverenliyinin bərpası üçün qətiyyətli addımların atılmasına şərait yaratdı.
Prezident Heydər Əliyevin dövlətçilik siyasətinin ən mühüm istiqamətlərindən biri Azərbaycanın siyasi və iqtisadi suverenliyinin tam təmin olunması idi. Milli maraqlara söykənən müstəqil iqtisadi modelin formalaşdırılması, bazar iqtisadiyyatına keçid və ölkənin zəngin təbii resurslarının xalqın rifahına yönəldilməsi strateji hədəf olaraq müəyyənləşdirildi.
Ulu Öndərin müəllifi olduğu geostrateji neft strategiyası Azərbaycanı regionun aparıcı dövlətinə çevirdi. Bu siyasət sayəsində xarici investisiyaların ölkəyə cəlb edilməsi, beynəlxalq iqtisadi inteqrasiya və dayanıqlı inkişafın təmin olunması istiqamətində əsaslı dəyişikliklər baş verdi. Müstəqilliyin iqtisadi dayaqlarının möhkəmləndirilməsi dövlət suverenliyinin sarsılmazlığının zəmanətinə çevrildi.
Heydər Əliyev idarəetməsində dövlət quruculuğunun əsas mənasını və məzmununu üç fundamental prinsip təşkil edirdi. Demokratiya, hüquq və dünyəvilik. Bu prinsiplər insan haqlarının qorunması və azad cəmiyyətin formalaşdırılması məqsədinə xidmət edirdi.
Ölkənin ilk milli Konstitusiyasının qəbul edilməsi, qanunun aliliyinin təmin olunması, cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizənin aparılması hüquqi dövlət quruculuğunda həlledici rol oynadı. Ümummilli Lider vurğulayırdı ki, demokratiya xaricdən gətirilən dəyər deyil, Azərbaycan xalqının öz istəyi və seçdiyi inkişaf yoludur.