Zəngəzur dəhlizinin açılması məsələsinin həlli gələcək regional sülhün fundamental elementlərindəndir
Kəmalə Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 172 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumuna 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbər və yüksək vəzifəli şəxsləri qatılıb.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı Avropadakı cari vəziyyət barədə açıq müzakirələr aparılmasının tələb olunduğunu və Qlobal Bakı Forumunun bunun üçün mükəmməl platforma olduğunu bildirmişdir. Çıxışda da deyildiyi kimi bu, müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur. Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq. Eyni zamanda, gündəlikdə duran məsələlərdən biri beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olub. Çünki bu məsələ labüddür, o, artıq bizə yaxınlaşır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr, həmçinin miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhranı nəticəsində baş verəcəkdir. Enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, bu vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar – istehsalçılara həqiqətdə bu, lazımdır.
Azərbaycanın və yerləşdiyimiz regionun təhlükəsizlik məsələlərinə toxunan İlham Əliyev vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün bir fürsətdir: “Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”.
Prezident diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edib: “Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazi iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük. Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçməliyik. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaq.”
İki ölkə sərhədinin delimitasiyası prosesinə də başlanıldığını və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclasının keçən ay sərhəddə baş tutduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, biz bu yolun uzun olduğunu anlayırıq, lakin bu proses artıq başlayıb. Eyni zamanda Azərbaycan kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyir: “Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizlikdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu.”
Prezident vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması məsələsinin həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgəyaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.
Dövlət başçısı Azərbaycanda yaşayan ermənilərlə bağlı məsələyə də diqqət çəkib. Bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan ilə axırıncı görüşdən sonra yaydığı bəyanatda Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyinin nəzərə alınacağını deyib: “Biz bunu tam şəkildə dəstəkləyirik. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək. Lakin, təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq.
Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub.”
Azərbaycan Prezidenti çıxışının sonunda bir daha vurğulayıb ki, bizim Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı Gürcüstanla da məsləhətləşmə aparıb və Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi təklifini rəsmi Tbilisi də dəstəkləyir. Ermənistan isə bundan imtina edir: “Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır... Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsinin yekunlaşdırılmasına yaxındır. Yeni marşrutlar və enerji təhlükəsizliyi də bu sıradadır. Hesab edirəm ki, işə başlamağın vaxtıdır. Biz 30 il itirdik və erməni işğalı olmasa idi, düşünürəm ki, Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi.”
Prezident sonda IX Qlobal Bakı Forumunun işinə uğurlar arzulayıb.