Zəfərinə zəfər qatan qalib xalq
Fərəh Məcidzadə
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi
Bir dövlətin öz xalqı qarşısında ən ülvi amallarından biri onu yaşatmaqdır. Daim yaşayıb-yaratmaq üçün isə bizə gərək olan amil bilik, zəka, ağıl, sağlam ruhdur. Məsələyə atalarımızın böyük həyat təcrübəsi nəticəsində yanaşdığı prizmadan baxsaq, o zaman təsdiq edərik ki, sağlam bədəndə sağlam ruh olar.
90-cı illərin əvvəllərində ölkədə olan xaos, anarxiya, qarışıqlıq, çökmüş iqtisadiyyatla birgə tənəzzül edən elm, səhiyyə, təhsil, mədəniyyət, incəsənət və ən əsası idman sahəsinin yeni bir nəfəsə ehtiyacı var idi. Xalq dünyada bir çox xüsusiyyətləri ilə tanınar və dövlətini tanıdar. Tarixin səhifələrinə göz gəzdirdikdə bir çox süquta uğramış qədim dövlətlərin, imperiyaların adlarına rast gəlmək mümkündür. Günümüzdə bir çox belə dövlətin adı onların əsasını qoyduqları idman növləri ilə birgə hallanır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xüsusi diqqət ayırdığı sahələrdən biri də məhz gənclər və idman sahəsi oldu. Həmin dövr üçün bir çoxları tərəfindən əhəmiyyət verilmədiyi halda gələcəyə böyük qapılar açacaq nüasları görmək yalnız böyük şəxsiyyətlərin işidir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir.
Bu gün Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində sağlam bədəndə sağlam ruhla gənclərimiz idman sahəsindəki naliyyətləri ilə beynəlxalq arenada Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırırlar. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idman Azərbaycanda uğurla inkişaf edir. Bu gün biz Azərbaycan idman dövlətidir deyə biliriksə, bunun üçün haqqlı səbəblərimiz var. Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atması buna ən bariz nümunədir. Avropada birinci olmaq böyük nailiyyətdir. Bu naliyyətin xüsusilə milli idman növlərimizdən biri olan güləş üzrə olması təqdirəlayiq haldır. Bu o deməkdir ki, Azərbaycan gəncləri nəsildən-nəslə keçən milliliymizin daşıyıcısı, mühafizəçisi və eyni zamanda özlərindən sonrakı nəslə ötürücüləri olmağı bacarmışlar. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında öz sözünü deyə bilən ölkələrdən birinə çevirəcəkdir.
Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə cari ilin 17 mart tarixli görüşü zamanı dediyi bir cümlə xüsusilə əhəmiyyətə malik idi. Onun üzünü gənclərə tutaraq “Siz gənclər, artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz” sözləri nəinki o görüşdə iştirak edən gənclərə, bütün dünya ictimaiyyətinə verilmiş böyük bir ismarıc idi. Bu gün bütün sahələrdə o cümlədən də idmanda olan naliyyətlərimizi qalib xalq kimi qeyd edirik. Bu qalibiyyətə biz rinqlərdə deyil, döyüş meydanında müvəffəq olmuşuq. Məğlub Ermənistan anlamalıdır ki, qazanılan qələbə mülki şəxslər üzərində deyil, real döyüş əməliyyatları nəticəsində, peşakar ordu ilə mübarizədə əldə edilmiş zəfərdir və bu zəfər bundan sonra bütün sahələrdə qazanılan uğurlarla daha da möhkənlənəcəkdir.