Zəfər tarixini yazanlar

Zəfər tarixini yazanlar
Günel Atakişiyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşki
Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin müəllimi
İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək. Vətən, torpaq uğrunda Şəhid olan övladlarımız, o cümlədən müəllim işlədiyim 327 saylı məktəbin məzunları Əliyev YunisHəsənov İbrahim qəlblərdə yaşayacaq.
Qazilərimiz və Böyük Qələbədə payı olan hər bir əsgər-zabitimiz Şərəf simvoluna çevriləcəklər.
ZƏFƏR BAYRAMIMIZ MÜBARƏKİ!!!
2020-ci il sentyabrın 27-i Vətən Müharibəsi başlayan andan Millət olaraq nəinki bizim, bütün tərəqqipərvər dünyanın diqqəti yalnız cəbhəyə yönəlmişdi. Demək olar ki, hər gün televeziya ekranlarından, internet səhifələrindən Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ayrı-ayrı yaşayış məntəqələrinin erməni faşistlərindən azad edilməsi haqqında məlumatlarını həyəcan və sevinclə dinləyir, böyük Qələbəmizin çox yaxında olmasına dərin inam yaranırdı. Baxmayaraq ki, hər gün regionlara gətirilən Şəhid cənazələri qəlbimizi ağrıdır, Ana, gəlin , bacı, övlad naləsi ürəklərə yara salırdı, amma hər birimiz “ Müharibə qurbansız olmur, təki Vətən sağ olsun” deyə təsəlli ifadəsini işlədirdik.
Dünyanın hər yerindən Azərbaycana axışıb gələn media nümayəndələrinin Prezidentə yönələn məqsədyönlü, təxribat xarakterli suallarına dövlət başçısı dərin məntiqlə cavab verir, dövlətlə xalqın bütövlüyü nümayiş olunurdu. Hərbi əməliyyatlar tarixinin “ Şah əsəri” olan Şuşa əməliyyatı və mədəniyyət mərkəzimizin azad olunması bütövlükdə Millətdə gələcəyə inam oyatdı.
Noyabrın 9-dan 10-a keçən gecə Müzəffər Azərbaycan ordusunun əzəməti qarşısında təslim aktını imzalamaqdan başqa çıxış yolu görməyən Ermənistan dövləti məğlubiyyətini etiraf etdi. Cənab Prezident İlham Əliyev 30 ildən artıq işğal altında olan torpaqlarımızın rəsmən Azərbaycana qaytarılmasını özündə ehtiva edən Üçtərəfli sazişin müddəalarını dərin bir qürur hissi ilə Millətimizə bəyan etdi.
Böyük türk oğlu Mustafa Kamal Atatürkün belə bir kəlamı var: “Biz heç kimin düşməni deyil, yalnız insanlığın düşməni olanların düşməniyik”. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə istər Ulu Öndər Heydər Əliyev, istərsə də onun layiqli davamçısı, Şuşa azad olunarkən “Mən Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdim” deyən İlham Əliyev Ermənistanın və onun havadarlarının on illər boyu Azərbaycan xalqına qarşı yönəlmiş düşmən siyasətinə baxmayaraq, mövcud münaqişənin sülh yolu ilə aradan qaldırılması, BMT-nin qəbul etdiyi Qətnamələrin yerinə yetirilməsini dəfələrlə işğalçı tərəflərə təklif etmişdi. Lakin işğalçı Ermənistan hər dəfə bu humanist addımları qulaqardına vuraraq, nəinki danışıqlardan boyun qaçırır, vaxtaşırı insan tələfatı ilə nəticələnən təxribatlara əl atırdı.
Təbii ki, düşmənə Dövlətimizin, xalqımızın, onun dünya siyasətində tanınmış Prezdentinin iradəsini nümayiş etdirməyin zamanı çatmışdı və tarixi ədalət öz yerini tapdı. 8 noyabr-Zəfər günü Azərbaycan xalqının öz Lideri, müzəffər Ordusu ətrafında birliyinin bariz nümunəsi, Dövlətlə Xalqın vəhdətinin təntənəsi oldu.
Böyük şairimiz Bəxtiyar Vahabzadənin illər əvvəl Vətən torpağı, onun hər bir qarışına məhəbbət ruhunda yazılmış misralarına nəzər salaq:
Tarixdir hər daşın, qayanın yaşı
Tarixlə bağlıdır insan yurduna,
Yox isə bir xalqın tarix yaddaşı
Vətən də quruca torpaqdır ona.
30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız, oranın hər daşı, qayası indi əsl sahiblərini gözləyir. Düşmən yaddaşlardan silə bilmədi yaddaşlarda həkk olunan torpaqlarımızı. İndi insanlar o yerlərə yenidən qurmaq, yaratmaq üçün qayıdacaqlar. Çox az qalıb o günlərə! Aparılan geniş quruculuq, bərpa işləri qətiyyətlə bir fikri söyləməyə əsas verir ki, çox tezliklə əvvəlkindən də gözəl Qarabağımız yenidən toy-düyünlər məkanına çevriləcək.