Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi

Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi

Lalə Məmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi

31 Mart Azərbaycan tarixində unudulmaz bir gündür. 1918-ci ilin 30 mart və 3aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı qüvvələri azərbaycanlıları kütləvi şəkildə amansızca qətlə yetirmişlər. Rəsmi məlumatlara əsasən bu qanlı soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş,on minlərlə insan itkin düşmüşdür. Bu hadisə erməni vandallarının törətdiyi cinayətdir.

Şamaxı soyqırımı qısa fasilələrlə bir neçə mərhələdə Bakı və Quba qırğınlarından əvvəl baş vermişdir. Şamaxının dinc əhalisi top atəşinə tutulmuşdur. Beləliklə, Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı öldürülmüş, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri isə azyaşlı uşaqlar olmuşdur. Erməni dəstələrinin qətliam törətdikləri yerlərdən biri də Qubadır. Quba qəzası 1918-ci ilin qanlı mart hadisələrindən sonra bolşevik-daşnak qüvvələrinin Bakı və Şamaxı qəzalarında qurduqları hakimiyyəti genişləndirmək istədikləri üçüncü region idi. 2007-ci ildə şəhər stadionunun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbirstanlıq aşkar edilmişdir. Bu bölgəyə mütəxəssislər cəlb edilmişdir. Məzarlıqda tapılan sümüklər 1918-ci il ermənilərin törətdiyi soyqırım qurbanlarına aiddir. Quba şəhər stadionunun direktoru Ələddin Mirzəyevin sözlərinə görə, bu ərazidə heç vaxt qəbristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəlləsi,bədəni, sümükləri ayrı-ayrı basdırılmışdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir.

Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırım haqqında” 1998-ci il 26 mart tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib. Bununla yanaşı azərbaycanlıların ermənilərin tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi olaraq bəyan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Hər il 31 mart-Azərbaycanlıların soyqırım Günü dövlət səviyyəsində qeyd edilir. Həmin gün soyqırım qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində  son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır.

Ulu öndər Heydər Əliyevin dediyi kimi xalqımıza qarşı törədilmiş soyqırım haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək,ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırım qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.