Dövlətçiliyimizin Hüquqi Bünövrəsi

Dövlətçiliyimizin Hüquqi Bünövrəsi
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru

Hər bir millətin taleyində elə sənədlər var ki, onlar təkcə qanun deyil, həm də xalqın azadlıq arzularının, dövlətçilik iradəsinin və gələcəyə inamının rəmzinə çevrilir. Azərbaycan Respublikasının Konstitusiyası məhz belə bir sənəddir. Konstitusiya dövlətin ali hüquqi sənədi, onun siyasi və ictimai həyatının başlıca istiqamətlərini müəyyən edən bünövrədir. O, cəmiyyətin hüquqi mədəniyyətini, idarəetmə formasını və vətəndaşların hüquq və azadlıqlarını qoruyan ən mühüm qanundur. 

Konstitusiya quruluşu dövlətin müstəqilliyini, suverenliyini və demokratik prinsiplərini təmin edir. Azərbaycanın Konstitusiya quruluşunun formalaşması tarixi köklərə dayanır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşdü. Bu dövrdə qəbul olunan qərarlar və hüquqi sənədlər xalq hakimiyyətinə, bərabərlik və ədalət prinsiplərinə əsaslanırdı. Qısa ömürlü olsa da, Cümhuriyyətin ideyaları milli dövlətçilik şüurunun əsasını qoydu.    

1991-ci ildə müstəqilliyin bərpası ilə Azərbaycan yeni hüquqi inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu prosesin zirvəsi oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənəd dövlətin siyasi və hüquqi quruluşunu müəyyənləşdirdi, xalqın suveren iradəsini təsdiq etdi.

Konstitusiyada Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi respublika kimi təsbit olunmuşdur. Hakimiyyət bölgüsü prinsipi – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin qarşılıqlı balansı – ədalətli idarəetmənin əsasını təşkil edir.Sonrakı illərdə Konstitusiyaya edilən dəyişikliklər ölkənin ictimai-siyasi inkişafına, beynəlxalq hüquq prinsiplərinə və müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bu dəyişikliklər xalqın rifahını, demokratik idarəçiliyin möhkəmlənməsini və hüququn aliliyini təmin etməyə yönəlmişdir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da bu mühüm tarixi sənədin əhəmiyyətinə verilən yüksək qiymətin göstəricisidir. Bu il həm də Konstitusiyamızın qəbulunun 30 illik yubileyidir. Bu mühüm hadisənin qeyd edilməsi dövlətimizin hüquqi ənənələrinə və sabit inkişaf yoluna sadiqliyini nümayiş etdirir.

Bəli, Konstitusiyamız təkcə hüquqi sənəd deyil, həm də milli kimliyimizin poeziyasıdır. Onun hər sətri azadlıq, müstəqillik və ədalət ideyalarının himnidir. Konstitusiya – xalqın iradəsinin səsi, dövlətin əbədiyyət andıdır.