Şəhid və qazi övladları üçün Zəfər bayramı tədbiri keçirilib
Şəhid və qazi övladları üçün Zəfər bayramı tədbiri keçirilib. YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyinin birgə təqdimatında Zəfər Bayramı münasibətilə şəhid və qazi övladları üçün silsilə tədbirlər təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra uşaqlar üçün TARTTE Cafédə bayram süfrəsi təşkil olunub.
Proqram çərçivəsində Zəfər mövzusunda videoçarx nümayiş etdirilib, müğənni Sabir Əhmədovun ifasında vətənpərvər mahnılar səsləndirilib. Bayram sevincini daha da artırmaq məqsədilə uşaqlar üçün “Miracle Tauch” komandası tərəfindən maraqlı master-klass təşkil olunub. Kiçik qəhrəmanlar gipsdən hazırlanmış fiqurları öz əlləri ilə boyayaraq fərdi əl işləri yaradıblar.
Sonda uşaqlara “The Entertainer” oyuncaq mağazasının hədiyyələri təqdim edilib və tədbir bayram əhval-ruhiyyəsində yekunlaşıb. Bu cür təşəbbüslər şəhid və qazi ailələrinin övladlarına dövlətimizin və cəmiyyətin diqqət, qayğısının bariz nümunəsidir.