Yeni qanun ölkədə yeni siyasi konfiqurasiya formalaşdıracaqdır
Cahanxanım Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 323 sayli usaq bağçasının tərbiyəçisi
30 il əvvəl qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanuna xeyli əlavə və dəyişikliklər edilməsi bu sahədə yeni mərhələnin başladığını göstərir. Məlum olduğu kimi Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanmışdır. Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri xahiş olunmuşdur. Bu prosesin şəffaflığına dəlalət edir.
Qanunun bəndlərindən biri xüsusi diqqətimi çəkdi. Qeydiyyat üçün üzvlərin sayının 20000-dən 5000-ə endirilməsi, bu say 4500-dən az olarsa qeydiyyatın ləğvi məsələsinin gündəmə gətirilə bilinəcəyi partiyaları ayıq-sayıq olmağa çağırışdır. Müxalif qüvvələrin fikrincə, hakimiyyət bununla real müxalifəti sıradan çıxarmağa çalışacaq. Lakin əksinə yeni qanun cəmiyyətin yeni çağırışlarına uyğun hazırlanıb və ölkədə dinc, sərbəst fəaliyyətə tam imkan yaradır.
Bundan əvvəlki variantda bəzi müxalif siyasi partiyaları narazı salan müddəalar yeni redaktədə yoxdur. Bu, siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkidə iştirak etmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi məqamlar idi. Doğrudur, indiyə qədər mövcud qanuna bir neçə dəfə dəyişikliklər edilmişdir. Amma bu dəyişikliklər kifayət deyil idi. Nəhayət, belə bir zaman yetişdi ki, yeni islahatlar dövrünə uyğun yeni qanun qəbul edildi.
Hesab edirəm ki, yeni qanun Azərbaycanda mövcud siyasi konfiqurasiyanın tələblərinə cavab verəcək bir ali sənəd olacaqdır. Bu prosesdə siyasi partiyaların təklif və tövsiyələri nəzərə alınmış, müxtəlif qabaqcıl dünya siyasi partiyalarının iş prinsipi öyrənilmişdir. Hesab edirəm ki, hər bir partiya bu prosesdən razı qalacaqdır.