Yeni Dövrün Lokomotivi: Qeyri-Neft Sektoru və Yerli İnkişaf

Yeni Dövrün Lokomotivi: Qeyri-Neft Sektoru və Yerli İnkişaf

İxtiyar Nəcəfov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezidentimiz cənab İlham Əliyevin iqtisadi dayanıqlıq və inkişaf prioritetləri haqqında çıxışı, Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini bir daha təsdiqlədi. Bir bələdiyyə sədri kimi, yerli inkişafı təmin etmək üçün ölkənin iqtisadi müstəqilliyinin nə qədər həyati əhəmiyyətə malik olduğunu dəqiq dərk edirəm. Cənab Prezidentin vurduğu əsas zərbə isə bu idi: "Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur." Neft hasilatının obyektiv səbəblərdən azalmasına baxmayaraq, qeyri-neft sektorunda artımın qeydə alınması, islahatlarımızın dayanıqlı və uğurlu olduğunu göstərir.

Bu iqtisadi dayanıqlıq bizi heç kimdən asılı vəziyyətdə qoymur. Beynəlxalq reytinq agentliklərinin kredit reytinqimizi ardıcıl olaraq artırması, iqtisadi islahatların beynəlxalq səviyyədə tanınması deməkdir. Maliyyə göstəricilərimiz, sözün əsl mənasında, qürurvericidir: xarici borcumuz Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 6 faizdən bir qədər çoxdur. Ən əsası isə, valyuta ehtiyatlarımızın ildən-ilə artaraq 80 milyard dolları ötməsi və xarici borcdan 16 dəfə çox olmasıdır. Bu göstəriciyə görə, Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında aparıcı yerlərdən birini tutur. Bu maliyyə gücü böyük investisiya layihələrini, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misli görünməmiş quruculuq işlərini heç bir xarici asılılıq olmadan icra etməyimizə şərait yaradır.

Bu möhkəm təməlin qurulmasında Ulu Öndər Heydər Əliyevin hələ 90-cı illərin çətin şəraitində müəyyənləşdirdiyi iqtisadi kursun, xüsusilə neft strategiyasının rolu əvəzsizdir. Onun təməlini qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, ölkəni maliyyə baxımından ən dayanıqlı ölkələrdən birinə çevirmişdir.

Biz yerli idarəetmə orqanları olaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu vasitəsilə bölgələrdə həyata keçirilən abadlıq, mədəniyyət, təhsil və sosial-iqtisadi inkişaf layihələrindən güc alırıq. Bu layihələr iqtisadi gücün hər bir vətəndaşın rifahına yönəldilməsinin ən yaxşı nümunəsidir.

Prezidentin texnoloji inkişafa, rəqəmsallaşmaya və süni intellektə çağırışı qeyri-neft sektorunun gələcəyi üçün yeni imkanlar açır. Biz bələdiyyələr olaraq, qeyri-neft sektorunun inkişafı üçün sahibkarlığa dəstək verməli, yeni texnologiyaların tətbiqini təşviq etməli, bununla da ölkənin iqtisadi lokomotivini daha da sürətləndirməliyik. Eyni zamanda, Vətən müharibəsində qazanılan Şanlı Zəfər sayəsində bərpa edilən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpaolunan enerji və geoloji kəşfiyyat layihələri yerli iqtisadiyyatlar üçün böyük perspektivlər vəd edir.