Yeni Azərbaycan Partiyası ana dilimizin qorunması və inkişafına öz töhfəsini verir
Səmayə Fərmanzadə
YAP Suraxnaı rayon təşkilatının gənc fəal üzvü
Hər bir xalqın milli kimliyini və gələcəyini müəyyən edən ən mühüm amillərdən biri onun ana dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, mədəni irsi və mənəvi sərvətidir. Bu dəyəri və ana dilimizin qorunması istiqamətində görülən işlərin əhəmiyyətini nəzərə alaraq, Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanına əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Tarixə nəzər saldıqda aydın olur ki, ana dilimizin bugünkü dövlət statusu asanlıqla əldə edilməmişdir. Ötən əsrdə milli dillərin sıxışdırıldığı, ruslaşdırma siyasətinin hökm sürdüyü mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycan dili də müxtəlif məhdudiyyətlərlə üzləşmişdi. Lakin xalqımız bütün çətinliklərə baxmayaraq ana dilinə sahib çıxmış, onu yaşatmış və gələcək nəsillərə ötürmüşdür. Ana dilimizin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində dönüş nöqtəsi XX əsrin 70-ci illərinə təsadüf edir.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində ilk dəfə olaraq rəsmi tribunadan Azərbaycan dilində geniş və məzmunlu çıxış etdi. SSRİ-nin sərt ideoloji qadağalarının hökm sürdüyü bir dövrdə respublika rəhbərinin ana dilində çıxış etməsi və dil məsələsini açıq şəkildə gündəmə gətirməsi böyük cəsarət nümunəsi idi. Məhz bu uzaqgörən siyasətin nəticəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili respublikanın Dövlət Dili kimi öz hüquqi təsdiqini tapdı.
Ana dilinə sevgi və sədaqət Azərbaycan ədəbiyyatında da öz əksini tapmışdır. Xalq şairi Bəxtiyar Vahabzadənin 1959-cu ildə qələmə aldığı “Ana dili” poeması bu mövzuda yazılmış ən təsirli əsərlərdən biri hesab olunur. Sovet dövrünün mürəkkəb reallıqları fonunda qələmə alınan bu əsər ana dilini xalqın ruhu, namusu və vicdanı kimi təqdim edərək milli özünüdərkin güclənməsinə mühüm töhfə vermişdir.
Bu gün də ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət dilinin saflığının qorunması, onun rəqəmsal mühitdə tətbiqinin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyəti bu sahəyə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyası da milli-mənəvi dəyərlərimizin, o cümlədən ana dilimizin qorunması və inkişafına yönəlmiş dövlət siyasətini daim dəstəkləyir, bu istiqamətdə həyata keçirilən təşəbbüslərə öz töhfəsini verir. Bununla yanaşı, ana dilini qorumaq yalnız dövlətin deyil, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Gündəlik nitqimizdə, yazılı və elektron mediada yad sözlərdən həddindən artıq istifadə olunması dilimizin saflığına mənfi təsir göstərə bilər.
Biz gənclər unutmamalıyıq ki, dilini qoruyan xalq öz milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini də qoruyur. Ana dilimiz keçmişimizin yaddaşı, bu günümüzün qüruru və gələcəyimizin ən etibarlı təminatıdır. Bu müqəddəs mirası sevmək, qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, ana dilimizin daim uca tutulmasını, zənginliyinin qorunmasını və gələcək nəsillər tərəfindən sevgi ilə yaşadılmasını arzulayırıq.