Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən xalqın partiyası olmağı bacardı

Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən xalqın partiyası olmağı bacardı

Nizaməddin Ağcayev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 118 nömrəli tam orta məktəbin direktoru

Bildiyimiz kimi bu günlərdə biz Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü qeyd etdik. Böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. 30 il öncə Azərbaycanda mövcud olan ağır vəziyyət yeni bir siyasi təşkilatın yaranmasını zəruri etmişdir. Bu məqsəd ilə Azərbaycanın bir qrup ziyalısı Heydər Əliyevə müraciət ünvanlamışdır.  Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi.

1992- ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqil, gənc Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü. Təəssüflər olsun ki, separatizm meyilləri gedərək güclənir, iqtisadi, sosial vəziyyət gərginləşir, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. O zaman müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi zəngin dövlətçilik təcrübəsinə malik olan dahi şəxsiyyət Heydər Əliyevə idi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bununla da cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən xalqın partiyası olmağı bacardı və öz gələcəyini Azərbaycanla bağlayan hər kəs taleyini bu partiya ilə birləşdirdi. Partiya fəaliyyətinin ilk günündən qarşısına dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi kimi aydın vəzifələr qoydu. Yeni Azərbaycan Partiyası  yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü də Heydər Əliyev şəxsiyyətinə inamı ifadə edirdi.

1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən lazımi addımlar atıldı. Onun rəhbərliyi ilə bir çox iqtisadi layihələrə start verildi. “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar. Ordu quruculuğu sahəsində də ciddi işlər görüldü. Bu da bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizamlı ordu yaradaq. Atılan bütün tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi.

Yeni Azərbaycan Partiyası müstəqilliyə qovuşan ölkəmizin ən təlatümlü zamanında yaradılsa da, bu gün biz partiyanın təsis edilməsinin 30-cu ildönümünü ölkə tarixinin ən şərəfli günlərində qeyd edirik. Bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək Heydər Əliyev siyasətinə səs verdi. Partiyanın yaradıcısı Ulu Öndərin siyasi xətti və ideologiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Elə bu məqamda Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi fikirləri yada salmaq yerinə düşər: “ Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə ümummilli lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.

Həqiqətən, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. Bu gün hər bir azərbaycanlı doğma dövlətimizlə fəxr edir. Cənab prezident İlham Əliyev cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı 2003-cü ildən bu günə qədər iqtisadiyyatımızın  3 dəfədən çox artdığını, yoxsulluğun əhəmiyyətli dərəcədə azaldığını bildirmişdir. O,  eyni zamanda qeyd edirdi ki, bu gün  strateji xətt üzrə aparılan iqtisadi  islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq.

Ulu Öndər hər zaman deyirdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq.  Onun vəsiyyətindən biri də Qarabağ idi! Bu gün Azərbaycan Ordusu artıq öz sözünü deyib. Azərbaycan möhtəşəm nailiyyətlər qazanıb. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, 44 günlük Vətən Müharibəsində parlaq qələbənin qazanılmasıdır. Bu qələbə ümumxalq qələbəsi idi, çünki xalqımız ordumuzla tək bir can olmağı bacarmışdı. Azərbaycan işğalçıları əzəli torpaqlarımızdan qovaraq tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan İlham Əliyev Qarabağ problemini həll etməklə ata vəsiyyətini  yerinə yetirmiş oldu.

Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixinə nəzər saldıqda bir daha görürük ki, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyev və onun uğurlu siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma partiyamız dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafı istiqamətində görülən işlərə böyük töhfələr vermişdir və bundan sonra da rifahımız naminə görüləcək işlərin gələcək qarantı olacaqdır.