YAP Suraxanı rayon təşkilatının nümayəndələri ərazi partiya təşkilatının sədri Məlahət Əliyevanı təbrik etmişlər
19 iyun 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, 278 №-li tam orta məktəbin direktoru Əliyeva Məlahət Avıl qızının 70 illik yubileyi münasibəti ilə yubliyarı təbrik etmişlər. Təhsil ocağına ziyarət əsnasında bir qrup məktəb kollektivi ilə səmimi çay süfrəsi ətrafında görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Məlahət xanım uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və təhsilinin inkişafına həsr edib. Təhsil sahəsində uğurları ilə yanaşı Məlahət xanımın ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında onun rolu və xidmətləri müstəsnadır.
Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Məlahət xanımın Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli direktor, insanlara elm, savad aşılayan bir müəllim olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi, doğma partiyamıza sədaqətlə xidmət etmiş, dövlətimizin və cənab Prezidentimiz haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir. Vüqar Seyidov vurğulamışdır ki, Məlahət Əliyevanın gənc müəllimlərin, təhsil işçilərinin siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır.
Göstərilən diqqətə və qayğıya görə yubliyar Məlahət Əliyeva YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova kollektiv adından öz dərin minnətdarlığını bildirmişdir. Məlahət Əliyeva bildirmişdir ki, bundan sonra doğma partiyamıza ləyaqətlə xidmət etməyə davam edəcəkdir.