YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
20 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirib. Növbəti tədbir Hövsan qəsəbəsi, “MİDA 1” yaşayış kompleksi, Gənclik küçəsi, ev 13 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (Hövsan Sağlamlıq Mərkəzi) keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Ərazi Partiya Təşkilatının (ƏPT) sədr müavini Mayis Mirzəyev və yerli partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mayis Mirzəyev bildirib ki, bu qurultayın əsas fəlsəfəsi əldə edilən tarixi qələbə ilə kifayətlənməməkdir. Onun sözlərinə görə, Prezident mesaj verir ki, hərbi-siyasi missiyanın bir mərhələsi uğurla başa çatıb, lakin indi qazanılmış Zəfərin iqtisadi, siyasi və sosial dividendlərini gələcək nəsillərə ötürmək zamanıdır və bu, hakim partiyanın fəaliyyət tempini azaltmayacağının siqnalıdır.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Salman Əbdülov vurğulayıb ki, Prezidentin müasir çağırışlara, internetin və yad ideoloji təsirlərin doğurduğu təhlükələrə geniş yer ayırması çıxışın ən uzaqgörən hissəsidir. Hərbi müstəvidə qazanılan qələbədən sonra mübarizə artıq informasiya məkanına keçmişdir. Dövlət başçısı gənclərin milli-mənəvi dəyərlər ruhunda qorunmasını YAP fəallarının qarşısında əsas vəzifə kimi qoyur. Xarici siyasət isə elə qurulub ki, heç bir kənar qüvvə Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməz.
Görüşdə çıxış edənlər dövlət başçısının qurultaydakı nitqində şəhidlərin xatirəsinə göstərdiyi yüksək ehtiramın və tarixi Qələbəyə dair fundamental fikirlərinin bütün şəhid ailələri tərəfindən büyük qürur hissi ilə qarşılandığını və tam dəstəkləndiyini ifadə ediblər. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.