YAP Suraxanı rayon təşkilatında “8 – Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmişdir

YAP Suraxanı rayon təşkilatında “8 – Mart Beynəlxalq Qadınlar Günü”  münasibətilə tədbir keçirilmişdir

05 mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında “8 – Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə rayonun ictimai həyatında fərqlənən partiyanın bir qrup fəal qadınları və şəhid anaları ilə görüş keçirilmişdir. Görüşdə YAP Suraxanı rayon təşkilatına uzun illər ləyaqətlə xidmət etmiş fəal qadınlarla yanaşı, Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin anaları, həyat yoldaşları və rayon təşkilatının fəal gəncləri iştirak etmişlər. Səmimi çay süfrəsi ətrafında keçən görüş YAP-ın yaradıcısı, xalqımızın müdrik lideri Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq qadının cəmiyyətimizdə roluna toxunaraq bildirmişdir ki, qədim tarixə malik müdrik Azərbaycan xalqı həyatın bütün mərhələlərində özünün ləyaqətli qadınları ilə qürur duymuşdur. Azərbaycan xanımları ailədə sədaqətli həyat yoldaşı, qayğıkeş ana olmaqla yanaşı cəmiyyətin məsuliyyətli üzvü olaraq xalqımızın inkişafına öz töhfələrini vermişlər. Tarixdə Tomris, Sara xatun, Həcər, Nigar kimi öz yaşadıqları dövrə möhür vurmuş qadınları olan xalqımız bu gün də Mehriban xanım Əliyevanın timsalında nümunəvi Azərbaycan qadınının keyfiyyətlərini və elementlərini özündə ehtiva edir. Heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya bir günəş kimi doğacaqdır. Əminəm ki, Azərbaycan qadınları o günəşin parlayan şüaları tək keçmişdə olduğu kimi gələcəkdə də ölkəmizin inkişafında müstəsna rol oynayacaqlar.  Yerli təşkilatın sədri “8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə” Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından görüş iştirakçılarını səmimi qəlbdən təbrik edərək, şəxsi həyatlarında ailə səadəti, fəaliyyətlərində uğurlar arzuladı.

Daha sonra bir qrup partiyanın fəal qadını Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının həyata keçirdiyi tədbir və layihələrə verdikləri töhfələrə, o cümlədən rayonun ictimai həyatında fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunmuşlar.

YAP Suraxanı rayon təşkilatının fəal qadınları çıxış edərək göstərilən ehtirama və hörmətə görə öz dərin minnətdarlıqlarını bildirmişlər.