YAP Suraxanı rayon təşkilatı tərəfindən dövlət başçısının YAP-ın VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər keçirilir
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş görüşlərə başlayıb.
Görüşdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Suraxanı rayon təşkilatı sədrinin müavini Salman Əbdülov qurultayda qarşıya qoyulan vəzifələr barədə iştirakçılara ətraflı məlumat verib. Salman Əbdülov bildirib ki, partiyanın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin proqram xarakterli və dərin təhlilə söykənən çıxışı hər bir YAP üzvü üçün mühüm yol xəritəsidir. Bu tarixi nitq ölkəmizin keçdiyi keşməkeşli, lakin şərəfli yolu, qarşıda duran strateji hədəfləri və partiya üzvlərinin üzərinə düşən öhdəlikləri bütün aydınlığı ilə nümayiş etdirir.
Daha sonra çıxış edən ərazi partiya təşkilatının sədri Elnur Hüseynov, Ərazi Partiya Təşkilatılarının sədr müavinləri Ülviyyə Cəfərli, Aygün Fərzəliyeva, Aynurə Məmmədova və digər natiqlər VIII Qurultayın ölkənin ictimai-siyasi həyatında yeni bir mərhələnin rəsmi bəyannaməsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, partiyanın ali məclisi ilk dəfə olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi möhtəşəm bir geosiyasi şəraitdə keçirilib. Bu baxımdan, ölkə qarşısında yeni reallıqlara uyğun mühüm vəzifələr dayanır.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.