9 oktyabr 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin Deputatları Afət xanım Həsənova, Sevinc Xanım Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmilər şəhid leytenant Elzar Süleyman oğlu Yusubovun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhidin Suraxanı rayonu Hövsan qəsəbəsindəki Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra rəsmilər "Elçin" mərasim evində keçirilən il mərasimində iştirak edərək Vətən Müharibəsi şəhidi Elzar Yusubovun mərasimində ailəsinin qayğıları ilə maraqlanmış, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişlər.
Qeyd edək ki, şəhid leytenant Elzar Süleyman oğlu Yusubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.