YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Babayev Əmirxanın doğum günündə ailəsini ziyarət etmişlər
28 noyabr Vətən Müharibəsi şəhidi əsgər Babayev Əmirxan Mirilham oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Öncə Babayev Əmirxanın Suraxanı rayon Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Babayev Əmirxanın da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Qeyd edək ki, şəhid əsgər Babayev Əmirxan Mirilham oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.