YAP Suraxanı rayon təşkilatının nümayəndələri Birinci Qarabağ Müharibəsi şəhidinin anım günündə iştirak etmişlər
29 oktyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri Bülbülə qəsəbəsi Nəriman Narimanov küçəsi 42 ünvanında yerləşən ərazi partiya təşkilatının (208 saylı tam orta məktəb) təşkil etdiyi Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Nəriman Qəzənfər oğluna həsr olunmuş “ Xatirələrdə qalan ömür” adlı tədbirdə iştirak etmişlər. Öncə YAP Suraxanı rayon təşkilatının fəal gəncləri tərəfindən Şəhid Həmidov Nəriman Qəzənfər oğlunun Bülbülə qəsəbə qəbirstanlığında yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri şəhidin adını daşıyan 208 saylı tam orta məktəbdə təşkil olunmuş tədbirdə iştirak etmişlər.
Anım tədbiri Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnin səslənməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan Bülbülə qəsəbəsi Nəriman Narimanov küçəsi 42 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri və 208 saylı tam orta məktəbin direktoru Məlahət Əsədova Vətən Müharibəsində şəhidlərimizin qanları ilə tarix yazdığını bildirdi. Birinci Qarabağ Müharibəsində canlarını qurban vermiş şəhidlərin öz əməlləri ilə İkinci Qarabağ Müharibəsində iştirak edənlərə və şəhid olanlara örnək olduğunu vurduladı.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, şəhidlərin əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaqdır. İstər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsində şəhid olmuş vətən övladlarının müstəqil Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçdiyini qeyd edən yerli təşkilatın sədri hər bir şəhidimizin ruhu qarşısında baş əydiyini dedi. Vüqar Seyidov 208 saylı tam orta məktəbin kollektivinə və tədbirdə iştirak edən şagirdlərə öz dərin minnətdarlığını bildirdi. YAP Suraxanı rayon təşkilatının sədri onu da vurğuladı ki, vətənpərvərlik məhz məktəbdən başlayır. Vətən Müharibəsində qələbəmizi bizə bəxş edən əsas amil də gənc nəsillərin doğru tərbiyə olunmasıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gənclərin formalaşmasında, tərbiyəsində roluna toxunan Vüqar Seyidov dedi ki, məktəblər və təhsil işçiləri bu siyasətin ən fədakar daşıyıcılarıdırlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova öz çıxışında şəhid olmuş rayon sakinlərinin adlarının əbədiləşdirilməsi və gənclər arasında təbliğ edilməsinin əhəmiyyətdən bəhs etmişdir. Məktəblərin kiçik yaşlarda vətənpərvərlik ruhunu şagirdlər arasında təbliğ etməsinin sonda Vətən Müharibəsində qələbəyə səbəb olan amillərdən olduğunu vurğulayan RİH-nin başçısının müavini bu məqsədlə görüləcək işlərə rayon rəhbəriliyinin diqqətli və həssas yanaşdığını vurğuladı.
Sonda Şəhid Həmidov Nəriman Qəzənfər oğlunun ailəsi göstərilən diqqət və qayğıya görə ənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.