YAP Suraxanı rayon təşkilatının nümayəndələri 114 №-li tam orta məktəbdə “Qış nağılı” adlı tədbirdə iştirak etmişlər
30 dekabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın nümayəndələri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının aparatının şöbə müdiri Sevinc Ağayeva və Suraxanı rayon təhsil ictimaiyyətinin bir qrup nümayəndəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə 114 №-li tam orta məktəbin müəllim-şagird heyətinin hazırladığı “Qış nağılı” adlı tədbirdə iştirak etmişlər.
Tədbir Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Daha sonra məktəbin müəllim-şagird heyətinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə hazırladığı bədii hissə qonaqlara təqdim olunmuşdur.
114 №-li tam orta məktəbin direktoru Ceyran Novruzova qonaqları salamlayaraq Dünya Azərbaycanlılarının vahid vətənləri olan Azərbaycan Respublikasının güclənməsinin hər birimiz üçün qürur mənbəyi olduğunu ifadə etdi. Təhsil ocaqlarında həyata keçirilən maarifləndirmə işinin uşaq və yeniyetmələrin formalaşmasında böyük əhəmiyyəti olduğunu məktəb direktoru xüsusi vurğulamışdır. Ceyran Novruza 44 günlük şanlı zəfərimizin əldə olunmasında yetişən gəncliyin rolundan bəhs edərək demişdir ki, orta məktəblərdə vətənpərvərlik ruhunda keçirilən bədii-kütləvi tədbirlər böyük əhəmiyyətə malikdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Dünya Azərbaycanlılarının birləşməsində, vahid diaspora şəkilində fəaliyyyətində Ulu Öndər Heydər Əliyevin və cənab Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olduğunu bildirmişdir. Yerli təşkilatın sədri milli özünüdərk, milli məfkurənin formalaşmasında təhsil ocaqlarının müstəsna xidmətlərinə toxunaraq demişdir ki, müasir Azərbaycan Respublikasının tarixində Vətən Müharibəsində qazanılmış Zəfər qədər, ona bərabər başqa bir qələbə mövcud deyildir və o qəhrəmanlar məhz məktəblərdə doğru təlim-tərbiyə əsasında yetişmişlər. Vüqar Seyidov məktəb kollektivinə həm nümunəvi çıxışları, həm də məktəblilərin, gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində yorulmaz fəaliyyətlərinə görə öz dərin minnətdarlığını bildirdi.
Sonda məktəb kollektivi, şagirdlər və qonaqlar birgə xatirə şəkili çəkdirmişlər.