YAP - ın hər bir üzvü cənab Prezidentin, dövlətin həyata keçirdiyi meqa layihələri cəmiyyətimizə dolğun şəkildə çatdırmalıdır
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Bizi heç bir təbii və yaxud da bəzi ünsürlər tərəfindən yaradılmağa çalışılan süni maneələr yolumuzdan saxlaya bilməz. Dünyanın pandemiya və müharibələrlə, iqtisadi və siyasi, hümanitar böhranlarla savaşdığı bir zamanda 2022-ci ilin birinci yarımilinə olan nəticələrə diqqət yetirdiyimizdə görürük ki, ölkəmiz inkişaf edir. Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən iclas və o iclasda səslənən rəqəmlər ölkəmizin inkişaf meyillərinin sağlam bünövrə üzərində dinamik, davamlı və dayanıqlı davam etdiyi göstərməkdədir. Siyasi müstəqilliyimizin əsasında dayanan iqtisadi müstəqilliyimizin tablosu hər bir ölkənin öz fəaliyyəti ilə qürur duyacağı səviyyədir. Bu il məsələn, orta əməkhaqqı 14 faiz, pensiya 10 faizdən çox artıb. Yarım il ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılmışdır. Dövlətin əlavə gəlirlərini insanların sosial rifahına istiqamətləndirməsi artıq ənənəyə çevrilib.
Son nəticələrə fikir versək görərik ki, ölkə iqtisadiyyatı 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsi 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. İnflyasiya isə 12 faizdən bir qədər çoxdur. Əlbəttə, inflyasiyayla mübarizə davam edir. Amma bu vəziyyət bütün dünyada eynidir. İnflyasiyanın 0-0,5, 1 faiz olduğu ölkələrdə belə indi inflyasiya ikirəqəmli həddə yaxınlaşır. Xarici ticarətimiz 70 faizdən, ixracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artmışdır. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Müharibədən yeni çıxmış və pandemiyaya demək olar ki, qalib gəlmiş bir dövlət üçün nəticələr ürəkaçandır. Lakin hədəflərimiz ötən dövrlərə nəzərən daha da böyükdür.
Azərbaycan sosial-hüquq dövləti olaraq bütün sahələrdə vətəndaşmərkəzli siyasət həyata keçirməkdədir. Xüsusi ilə vurğulamaq lazımdır ki, ölkəmiz Vətən Müharibəsindən sonra şəhid ailələri, qazilər, müharibə veteranları ilə işin təşkilində böyük əzmkarlıq nümayiş etdirmişdir. Bizim heç bir yerdən bir manat da olsun dəstəyimiz yoxdur. Bu məqamı cənab Prezident son iclasda da xüsusi vurğuladı. Cəmiyyətdə bəzən bu kimi amilləri unudurlar. Görülən meqa fəaliyyətin qarşılığında yerli və daxili imkanlar hesabına görülən işlərə kölgə salırlar. Bəlkə də cəmiyyətimizdə hələ də iqtisadi və sosial sahədə həyata keçirilən layihələri bilmirlər. Biz - Yeni Azərbaycan Partiyasının hər bir üzvü cənab Prezidentin, dövlətin həyata keçirdiyi işləri cəmiyyətimizə dolğun şəkildə çatdırmalıyıq. Çox böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, cəmiyyətimizdə dövlət və xalq birliyinə, milli bütövlüyümüzə qarşı yönəlmiş ünsürlər vardır. Bu ünsürlərin əziz şəhid ailələrinə və doğma qazilərimizə qarşı təxribatlar törətmələri, onlardan, daha doğrusu cəmiyyətimizin onlara qarşı olan böyük sevgisindən sui-istifadə etmələrinin qarşısını almalıyıq. Dövlətimiz və xalqımız hər zaman qazilərin, şəhid ailələrinin və veteranların yanında olmağa davam edəcəkdir. Bunu 2022-ci ilin birinci yarımili ilə bağlı iclasda dövlət başçısı bir daha nümayiş etdirdi.
Əlbəttə, üç minə yaxın şəhid ailəsi, minlərlə qazi və veteranların hər birinin problemləri, qayğıları vardır. Hətta onların hamısını razı salmaq nəzəri olaraq mümkün deyildir. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın mövqeyi, dövlətimizin siyasi iradəsi, cəmiyyətimizin sosial yanaşması və doğma partiyamızın düzgün istiqaməti nəticəsində həssas təbəqələr hər zaman diqqətdə saxlanılır. Yalnız bir məqamı vurğulamaq istərdim ki, bu günə qədər bütövlükdə Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Təhlillər göstərir ki, analoji vəziyyət heç bir ölkədə yoxdur. Belə bir nümunəni həyata keçirmək, reallaşdırmaq iqtisadi güc tələb edir.
Prezidentin göstərişinə əsasən bütün şəhid ailələri mənzillərlə təmin olunacaqdır. Bu istiqamətdə böyük əzmkarlıq və fədakarlıq göstərən Azərbaycan dövləti, höküməti və xüsusi ilə də Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxşı mənada fərqlənməkdədir. Keçən il 3 min mənzil və fərdi ev istifadəyə verilmişdir, bu il isə 1500 mənzil və ev verilir.
Qazilərin fiziki, mənəvi və sosial reabilitasiyası üçün dövlət böyük həssaslıq nümunəsi göstərməkdədir. Müharibədə əlil olmuş bütün hərbçilər demək olar ki, ən müasir protezlərlə təmin olunublar. Dördüncü nəsil protezlər qazilərin həyatlarını asanlaşdırmağa xidmət edir. Onlar rahat gəzə, futbol oynaya, qaça bilərlər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Bunları etməyi özümüzə borc bilirik. Bu məqamda cəmiyyət və dövlət yenə də eyni mövqedən çıxış edir. Bu sahədə ictimai birliklər, özəl şirkətlər və cəmiyyətimizin bütün fərdləri həmfikirdirlər. Məhz bu səbəbdən fərdi-sosial problemlərin lokal səviyyədə öz həllini tapması, kiçik məsələlərin böyüdülmədən, yerindəcə həll olunması vacib amildir.
Cənab Prezident yarımillik nəticələrin səsləndiyi iclasda iqtisadi-sosial məsələlərlə yanaşı siyasi, hərbi, ictimai, enerji, keçmiş Qarabağa problemi və beynəlxalq müstəvidə bir çox məsələyə toxunmuşdur. Azərbaycanda həyata keçirilən iqtisadi inkişafın əsas mahiyyətini ölkəmizdə mövcud olan siyasi sabitliyə borcluyuq. 1994-cu ildə Ulu Öndər Heydər Əliyevin ən çətin şərtlərdə dünyanın say-seçmə neft şirkətlərini Azərbaycanda kapital qoyuluşuna cəlb etdiyi zamanlar yəqin ki, bir çoxlarının xatirindədir. İndi xarici investisiyanın qoyuluşu daha da çətinləşib. Siyasi sabitlik olmayan ölkələrə heç kim pul qoymaq, orada iş yerləri açmaq istəmir. Lakin Azərbaycana Vətən Müharibəsindən sonra daha çox maraq artmışdır. Çünki regionda müharibə və münaqişə bitmişdir. Bu da kapital qoyuluşu üçün münbit şərait, uyğun mühit formalaşdırmışdır.
Vətən Müharibəsinin siyasi nəticələri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu da artırmışdır. İndi dünya ölkələrinin böyük əksəriyyəti bizim haqlı sözümüzü deyir. Qoşulmama hərəkatının tarixində Azərbaycan faktoruna toxunan Prezident ölkəmizin ona etimadları artıqlaması ilə doğrultduğunu ifadə etmişdir. Gənclər forumu və Parlament şəbəkəsinin yaradılması təşəbbüsləri də Qoşulmama hərəkatına verdiyimiz töhfələrdəndir.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Türkdilli dövlətlərlə münasibətləri bizim xarici siyasətimizin əsas prioritetlərini təşkil edir. Eyni zamanda ABŞ və digər ənənəvi güc mərkəzləri ilə balanslaşdırılmış siyasət xəttinin həyata keçirilməsi bütün arenalarda özümüzə qarşı hörmət və etimad mühiti formalaşdırmışdır. Avropa İttifaqı ilə imzalanacaq yeni saziş və enerji təhlükəsizliyi ilə bağlı mühüm sənəd ölkəmizə olan marağın ifadəsidir. Qonşularla yaxşı münasibətlərin qurulması, iki qonşu dövlətlə-Türkiyə və Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanması uğurlu xarici siyasətimizi ehtiva etməkdədir. Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb. Prezidentin Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşləri bir daha bunu göstərməkdədir.
Biz eyni zamanda etibarlı enerji təminatçısıyıq. Dünyada yaranmış müharibə riskləri, enerji böhranları fonunda sabit siyasət yürüdən Azərbaycanla Qərb dövlətləri, xüsusi ilə avropalı dostlarımız əməkdaşlığa ciddi maraq göstərməkdədirlər. Azərbaycan qazının, elektrik enerjisinin dünyaya ixrac olunması üçün münbit şəraitin formalaşması, qeyri-ənənəvi enerji infrastrukturunun yaradılması və bazarlara daxil olmaq yeni hədəflərimiz olmalıdır. Biz infrastrukturları tam hazırlayıb ölkələrə özümüz təklif etməliyik. Bu sahədə olan mübarizə çox güclüdür. Biz müasir çağırışlara uyğunlaşmalıyıq.
Ermənilər əsrlər boyu bütün regionun bəlasına çevrilmiş bir xalqdır. Müharibənin başa çatmasından 1 il 8 ay keçməyinə baxmayaraq Ermənistan 10 noyabr bəyannaməsinin şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Azərbaycan ərazisində olması qəti qəbul olunan hal deyil və məntiqsizdir. Biz qalib dövlət kimi bir neçə saat ərzində onları ərazilərimizdən çıxarmaq iqtidarındayıq. Sadəcə rəsmi İrəvan bununla bağlı öz mövqeyini ifadə etməlidir. İkinci açıq qalan məsələ Zəngəzur dəhlizinin açılması məsələsidir. Ermənistan yenə də manipulyasiya etməkdədir. Yollar bəllidir, sadəcə siyasi iradə göstərmək və Naxçıvana gedən yolları açmaq lazımdır. Laçın yolunun açıq qalması üçün Ermənistan Zəngəzur dəhlizini açmalıdır.
10 noyabr bəyannaməsi zamanı şifahi razılıq olmuşdur ki, status məsələsi dilə gətirilməsin. Amma axır vaxtlar bu ifadə çox səslənir. Bu ifadələrlə Ermənistan öz dövlətçiliyi, ərazi bütövlüyü üçün böyük problemlər yarada bilər. Bizim də Qərbi Zəngəzurla bağlı ciddi, əsaslı və tarixi həqiqətlərə söykənən iddialarımız ola bilər və proses belə davam etsə mütləq ki, bizim də iddialarımız olacaqdır. Delimitasiya məsələləri ilə bağlı addımlar atılsa da, XİN rəhbərləri görüşsə də proses sürətli inkişaf etmir.
İstər sülh müqaviləsi imzalanmasının uzadılması, istər status məsələsinin dilə gətirilməsi, istərsə də sülhməramlıların ermənilərə hələ də göz yumması bizi yeni addımlar atmağa məcbur edə bilər. Qeyd etdiyimiz məqamları və amilləri təhlil etdiyimiz zaman ordu quruculuğumuzun daha da gücləndirilməli olduğunu görməkdəyik. Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq.
Biz Dəmir yumruğun ətrafında daha sıx birləşərək ali hədəflərimizə çatmaq üçün, milli maraqlarımızı ləyaqətlə qorumaq üçün milli birliyimizi daha da gücləndirməliyik.