YAP-ın bütün addımları Azərbaycanda siyasi sabitliyin bərpasına istiqamətlənib

YAP-ın bütün addımları Azərbaycanda siyasi sabitliyin bərpasına istiqamətlənib

Samirə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini

Suraxanı rayonu, Göyərçin körpələr evi və uşaq bağçasının müdiri

1992-ci il noyabrın 21-də respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu hadisə həqiqətən də  tarixi hadisə idi. Dövlətimiz üçün dönüş nöqtəsi idi. Müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın xatirəsindədir. O vaxtkı hakimiyyətdə olan şəxslərin müstəqilliyi saxlamağa üçün gücü çatmırdı. Həmçinin müharibə şəraitində yaşayırdıq və hərbi uğursuzluqlar təbii ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması böyük faciə idi.

Ancaq 1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni şəxs ölkəmizi daha da bərbad vəziyyətə salmışdı. O vaxtkı idarəetmə bacarıqsızlığı, peşəkarsızlığı nəticəsində müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir vəziyyətdə cəmiyyətimizin parlaq simaları, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişlər.

YAP-ın bütün addımları Azərbaycanda siyasi sabitliyin bərpasına istiqamətlənib. Qısa vaxtda Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 720 mindən çox üzvü var.