Yalnız ədalətli sülh regiona əbədi əmin-amanlıq gətirə bilər
Aqşin Kazımov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 281 nömrəli tam orta məktəbin direktor müavini
Bəşər tarixi yarandığı gündən bu günə qədər saysız-hesabsız qanlı müharibələr, münaqişələr görmüşdür. Bu münaqişələrə misal olaraq Yunan-Əhəməni, Makedonya-Əhəməni, İngiltərə-Fransa, Fransa-Almaniya, Rusiya-Yaponiya müharibələrini və ən nəhayətində I və II Dünya müharibəsini misal göstərə bilərik. Bu münaqişələrin tarixin müxtəlif dövründə özünəməxsus səbəbləri olmuşdur. Lakin hər bir müharibənin yekun nəticəsinə baxdıqda biz görürük ki, istənilən bir münaqişə ən nəhayətində sülh ilə yekunlaşır. Hər bir halda istər qalib, istərsə də məğlub ölkələrin son nəticədə tək çıxış yolu birmənalı şəkildə sülh olur. Ancaq bu sülhlər bir çox qurbanlar və fədakarlıqlar bahasına həyata keçmişdir. Eyni zamanda tarixi təcrübə onu da göstərir ki, əgər bağlanan sülh ədalətsizdirsə, nəticədə daha böyük fəlakətlərin əsası qoyulmuş olur.
Bu gün Cənubi Qafqaz regionu 2020-ci ildə 44 gün davam edən geniş miqyaslı hərbi əməliyyatların mübarizə meydanı oldu. Artıq üç əsrdir ki davam edən erməni-azərbaycanlı münaqişəsinin bir dəfəlik həll edilməsi üçün imkanlar yaranmışdır. Sual ortaya çıxır ki, əsrlərdi davam edən bu mübarizənin müharibə və yekununda sülhdən başqa yolu yoxdurmu? Tarixi təcrübə göstərir ki yoxdur. 30 il ərzində aparılan danışıqlar onu göstərdi ki, bu problem vaxtı ilə Almaniyanı birləşdirməyi öz öhtəsinə götürmüş Otta Fon Bismarkında dediyi kimi ancaq “dəmir və qanla” həll edilə bilərdi.
Bu gün Azərbaycan öz düzgün siyasət aparan siyasi lideri olan cənab İlham Əliyev və onun rəhbərliyi altında hərbi uğurlar qazanan rəşadətli Azərbaycan ordusunun mübarizəsinin nəticəsi olaraq qalibdir. Artıq əsrlərdi ki, həlli imkansız görünən bu problemin həllinə əlverişli zəmin yaranmışdır. Artıq bundan sonrakı mərhələdə Azərbaycanın qarşısında dayanan öhdəlik ədalətli sülhün bərqərar olmasını təmin etməkdir. Yalnız ədalətli sülh regiona əbədi əmin-amanlıq gətirə bilər. Ədalətli sülhün təmin edilməsinin tək yolu illərdir Azərbaycanın eşidilməyən haqq səsinin eşidilməsi və tarixi ədalətin bərpası ilə mümkün ola bilər.
Cənab Prezident İlham Əliyevin də hər müsahibəsində vurğuladığı kimi, Azərbaycan öz müqəddəratını həll etməyə qadirdir. Qarşı tərəfdən fərqli olaraq biz öz haqq və ədalətimizin təmin edilməsi üçün hər sahədə iki tərəfli danışıqlara hazırıq. Tarixi təcrübə göstərir ki, istənilən halda, istənilən münaqişə ən son yekunda mövcud sülh müqaviləsi ilə yekunlaşır. Artıq Qarabağ problemi dondurulmuş bir münaqişə deyil.
Biz hərb səhnəsində lazım olduğu kimi özümüzü təmsil etməyi bacarmışıq. İndi isə növbə diplomatiya sahəsində uğurlar qazanmaqdadır. Bu sahədə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi əhəmiyyətli uğurlar qazanmaq yolunda lazımi bütün tədbirlər görülür. Bu gün hərb meydanındakı qələbələrimiz bizim diplomatik danışıqlarda daha aparıcı rol oynamamıza zəmin yaradır. Ən əsası isə odur ki, kifayət qədər çətin bir tarixi dövrdən keçməyimizə baxmayaraq Azərbaycan nəinki regionun təhlükəsizliyinin təminatçısıdır, eyni zamanda dünyanın enerji böhranı yaşadığı bir zamanda qlobal enerji təhlükəsizliyinin də təminatçılarından birinə çevrilməkdədir.
Rusiya-Ukrayna müharibəsinin timsalında Avropada baş verən enerji böhranının həlli yolunda aparılan qabaqcıl addımlar bizi qlobal və etibarlı tərəfdaşa çevirir. Bu sahədə qazandığımız uğurlar bizi yekunda imzalanacaq sülh danışıqlarında əsas aparıcı aktyora çevirəcək. Ümumilikdə istər Ulu öndər Heydər Əliyevin, istərsə də cənab Prezident İlham Əliyevin əsas siyasi xətti istənilən sahədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə müsbət təsir edəcək addımların atılması olmuşdur. Bu uzaq görən siyasətin nəticəsində Cənubi Qafqazda uzun illərdi mövcudluğuna imkan verilməyən sülhün bərpası mümkün olacaqdır.