Xocalısız biz sakitləşə bilməzdik, ruhumuz dinclik tapmazdı

Xocalısız biz sakitləşə bilməzdik, ruhumuz dinclik tapmazdı

Ənvər Haqverdiyev 

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi, siyasi şərhçi

32 ilin hər günü, hər anı müdrik xalqımız Xocalını, o qanlı gecənin millətimizə vurduğu sağalmaz yaraları yaddaşında yaşatdı. Hər ildönümündə tədbirlər keçirildi, şəhidlər anıldı, uşaqlar, yeniyetmələr, gənclər arasında təbliğat işi aparıldı. Elə bir gənc nəsil yetişdi ki, qəlbində görmədiyi yerlərin həsrətini yaşatdı. Xocalını ruhumuzda, qanımızda, canımızda yaşatdıq, yaşadıq. Xocalıda başımız gətirilən müsibətlər tarixdə bənzərinə çox az rast gəlinən vəhşilik idi. Lakin dünya susur, tanımaq istəmirdi. Böyük cəhdlərdən sonra 18 ölkə bu hadisələrə hüquqi qiymət vermiş, onu soyqırım adlandırmışdı. Bunlar baş verərkən dünya nə edirdi? Dünya 1905-ci ildə olmuş bir teatr tamaşasını hər il 24 apreldə “erməni soyqırımı” adı ilə önümüzə gətirir və bizdən də haqsızlıqla, ədalətsizliklə, riakarlıqla barışmağımızı tələb edirdi. Adını sülh danışıqları qoyub milli qürurumuzu, milli hissiyyatımızı tapdalayırdılar. Necə ki, Xocalı-Əsgəran yolunda axıdılan qanlarımızı 32 il tapdaladıqları kimi. “Dəhliz” adı ilə onlarla insanın qanını tökdülər. 2023-cü ildə lokal antiterror əməliyyatlarından sonra ölkəmizi könüllü tərk edən ermənilərə biz də dəhliz verdik. Həqiqi dəhliz verdik. Amma yetər deməyin zamanı var idi və o zaman gəldi. Biz ədaləti özümüz əldə etdik və yeni reallıq yaratdıq. Bu gün dünya yaratdığımız reallıqlarla barışaraq onları qəbul etməlidir.

26 fevral 2024-cü il müdrik, qəhraman xalqımızın yaddaşında və şanlı tarixində yeni bir başlanğıc nöqtəsidir. Azərbaycan bu tarixdə ilk dəfə Xocalı-Əsgəran yolunda, günahsız insanları təmiz qanlarının axıdıldığı yerdə xatirələrini əbədiləşdirməklə andı. Əlbəttə, Bakıda yerləşən “Ana harayı” abidəsinin önündə on minlər yenə öz ehtiramını göstərdilər. Lakin bu faciəni yaşayanlar, qurbanlar, şəhidlərin doğmaları Xocalını öz sahiblərinə qaytaran Rəşadətli ordunun, Müzəffər Ali Baş Komandanı ilə o torpaqlarda olmaq bütün dünyaya verilmiş böyük bir ismarıc idi. Azərbaycan xalqının əzmini, milli hissiyatını, milli ruhunu əzmək, onu aşağılamaq olmaz. Xalqımız ən sərt formada qisasını almış və 32 il şerlərdə, səhnəciklərdə, mahnılarda, hekayələrdə  “qisas qiyamətə qalmayacaq” tezisini həyata keçirmiş oldu. Bəli, Xocalının qisası qiyamətə qalmadı. Xocalıda əliyalın günahsız insanların axan qanlarının əvəzi döyüş meydanında misli ilə peşakar ordudan alındı. Ermənistan ordusunun və erməni separatizminin beli qırıldı.

Xalqı yaşadan ümiddir, gələcəyə inamdır. Prezident cənab İlham Əliyevin Bakıda tikilməsi düşünülən Xocalı xatirə kompleksini hər il bir səbəbdən təxirə salması da Xocalıya qayıdışa olan inamdır. Heç vaxt Xocalını görməyən igidləri də o torpaqlarda canlarını qurban verməyə sövq edən də elə qələbəyə olan sonsuz inamdır. Xocalı sakinlərinin dilində dövlət başçısının ünvanına səsləndirilən dualar, ona olan sevgi prezident seçkilərində yüksək səslə qalib gələn liderin əsas sosial bazasının necə böyük sevgi əsasında formalaşdığını da əyani göstərdi.

Xocalını dünya tarixinə faciə kimi yazan 26 fevral 1992-ci il idi.  Xocalı Zəfərini yazan tarix isə 20 sentyabr 2023-cü ildir. Vətən müharibəsi ədalətin təntənəsi idi. Nəticəsinin sonda nə olacağını bilməsək də, biz 2020-ci ilə qədər hər gün müharibəyə fiziki, maddi və mənəvi hazırlaşmışdıq. Qələbə bizim oldu, çünki biz zəfərə layiq idik. Amma hamı Xankəndini, Xocalını soruşurdu. 20 sentyabr 2023-cü il bu niskilə də son qoydu. Necə ki, Şuşasız bizim işimiz yarım qalardı, Xocalısız da biz sakitləşə bilməzdik, ruhumuz dinclik tapmazdı.

İndi digər azad olunmuş torpaqlar kimi Xocalıda da tikinti meydançaları qurulub. Tezliklə evlər bərpa olunduqca Xocalıda yenidən toy-busatlar qurulacaq. Xalqımız layiqli həyat şəraiti ilə təmin olunacaq. Bu il ilk dəfə Xocalıda bayram tonqalı qalanacaq. Bu tonqal soyuq fevral gecəsi donan şəhid ruhlarını isidəcək. Xocalını maddi, mənəvi, xəritədən, adını isə tarixdən silmək istəyənlərə inad, biz qayıtmışıq və əbədi Xocalıda yaşayacağıq.

Prezident cənab İlham Əliyevin azad Xocalıdan verdiyi ismarıclar böyük əhəmiyyətə malikdir. Ermənistanın öz havadarları belə reallığı qəbul etmək məcburiyyətindədirlər. İkili standartlarla məsələyə yanaşdıqca, həm neytral mövqelərini itirib sülh prosesində iştiraklarını mümkünsüz edirlər, həm də gələcəkdə regionla əməkdaşlıq imkanlarından mərhum olurlar. Ermənistan isə durmadan yeni qucaq axtarışındadır. Yeni münaqişə ehtimalları yaradır, təhrik edir. Suveren, müstəqil dövlət kimi davranmır. Sanki, mütləq kiməsə sığınmalı, kimdənsə tapşırıq almalıdır. Əgər doğurdan da müstəqil dövlət kimi yaşamaq və inkişaf etmək istəyirsə, Azərbaycan regionun inkişafı naminə, sülh və əməkdaşlıq naminə milli maraqlarımız çərcivəsində münasibətləri normallaşdırmağa hazırdır. Münaqişə bitib, müharibə artıq tarixdir. İndi isə sülh müqaviləsi imzalanmalı və Azərbaycanın haqlı tələbləri, diqtələri yerinə yetirilməlidir. İşğalçılıqdan və torpaq  iddialardan əl çəkilməlidir.

Ümumiyyətlə, 26 fevral Xocalı faciəsinin 32-ci ildönümündə Xocalıdan olan sakinlərlə Prezidentin səmimi görüşü, fikir mübadiləsi çox nikbin keçib. Xalq öz rəhbərinə böyük sevgi ilə yanaşır, onu dəstələyir və ona inanır. Anti-Azərbaycan qüvvələrini, ermənipərəst dairələri narahat edən əsas amil budur. Biz dəmir yumruq ətrafında birləşməyə və daha böyük uğurlar əldə etməyə davam edəcəyik.