Xocalı artıq ruhlar şəhəri deyil
Gülnar Nəsrullayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 315 nömrəli məktəbin direktoru
Bəşəriyyət tarixində insanlıq əleyhinə törədilən ən qanlı cinayət hadisələrinin biri Xocalıda baş verdi. Azərbaycan Respublikasına ərazi iddiaları irəli sürən ermənilər Rusiyanın 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalı şəhərinə hücum çəkib kütləvi qırğına başladılar. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə baş verənlər əvvəlcədən düşünülmüş məkrli, qanlı, insanlığa sığmayan planın tərkib hissəsi idi.
Ermənilər və onların havadarları Azərbaycanın əzəli torpağı olan Qarabağda etnik təmizləmə siyasətini həyata keçirmək üçün əliyalın əhalini son nəfərinə qədər məhv etməyi planlaşdırırdı. Həmin müdhiş gecədə – Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 nəfərə yaxın ahıl insan olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin taleyi bu günədək məlum deyil...
Xocalı soyqırımını, bəlkə də dünyanın yaşadığı bir çox kütləvi qırğınlarla da müqayisə etmək çox çətindir. Çünki yaralanmış, qanına qəltan edilmiş, öldürülmüş insanların gözlərini çıxarmaq, əllərini-qollarını kəsmək hətta vəhşi qəbilələrin belə əxlaqına uyğun deyil. Ermənilər insan düşüncəsinə, insan əxlaqına, ən nəhayət, insan insafına sığışmayan bu əməlləri törətməklə elə güman edirdilər ki, Qarabağın əsl sahiblərinin gözlərini birdəfəlik qorxudub, onları həmişəlik doğma yurdlarından didərgin sala, o torpaqlara yiyələnə biləcəklər.
Yaxın və uzaq xaricdəki bəlli qüvvələr, əməlləri heç vaxt yaddaşlarımızdan silinməyəcək bəzi dövlətlər ermənilərin bu qanlı cinayətinə haqq qazandırır, Azərbaycanın haqq səsini qulaqardına vurur, erməni azğınlığının daha da tüğyan etməsinə rəvac verirdilər. Ermənistanın siyasi hakimiyyətinin idarəediciləri hətta Avropanın ən ali tribunalarından öz əməllərinə haqq qazandırır, ermənilərin azərbaycanlılarla bir yerdə yaşamasının mümkünsüzlüyündən dəm vururdular. Dünya əslində günahsızın axan qanına sadəcə seyrçi idi...
Tarix öz sözünü dedi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi qiymət verildi, ermənilərin törətdikləri qanlı hadisələrin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli şəkildə məqsədəuyğun işlər aparılmağa başlandı. Xocalı soyqırımı bir sıra ölkələrdə insanlıq əleyhinə cinayət kimi etiraf olunmağa başladı.
Tarix şəxsiyyətlər yetişdirir. Şəxsiyyətlərin tarix yaratması isə nadir hallarda olur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın azğın düşmənlərdən azad edilməsi uğrunda başlanan Vətən müharibəsi ilə yeni bir tarix yazıldı. 44 gün içərisində erməni faşistləri torpaqlarımızdan qovuldu, bir sutkadan da az çəkən antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. İşğaldan azad edilən bütün ərazilərimiz kimi, Xocalı da özünün əbədi əmin-amanlığına qovuşdu.
Xocalı artıq ruhlar şəhəri deyil. Xocalı yenidən tikilir, yenidən qurulur, Xocalıya həyat qayıdır, Xocalı xocalıları bağrına basır. Xocalının və xocalıların qan yaddaşı möhkəmdir. Xocalı və xocalılar gələcəyə baxa-baxa keçmişi – erməni vəhşiliyini, erməni qaniçənliyini, erməni vandalizmini heç vaxt unutmayacaq.