Xilasa Aparan Yol: 15 İyun –Milli Qurtuluş Günü

Xilasa Aparan Yol: 15 İyun –Milli Qurtuluş Günü

Svetlana Əliyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor müavini 

Azərbaycan tarixində xalqın taleyini dəyişən, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən və sabitliyə, inkişafa aparan günlərdən biri də 15 İyundur – Milli Qurtuluş Günü. Bu tarix təkcə siyasi hadisə deyil, bir millətin öz xilaskarına – Ulu Öndər Heydər Əliyevə arxalanaraq yenidən ayağa qalxmasının, dövlət müstəqilliyini qorumasının simvoludur.

1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyinin ilk illəri dərin siyasi və iqtisadi böhranla müşayiət olunurdu. Səriştəsiz və təcrübəsiz AXC-Müsavat hakimiyyəti ölkəni idarə edə bilmədi. Vəzirov-Mütəllibov rejimi və sonrakı iqtidarlar xalqın etimadını itirmiş, ölkədə xaos, anarxiya hökm sürməyə başlamışdı. Qarabağda müharibə gedir, Ermənistan təcavüzü nəticəsində ərazilər işğal olunurdu. Daxildə isə hakimiyyət uğrunda mübarizə ölkəni vətəndaş qarşıdurmasına aparırdı. Belə bir şəraitdə xalq yeganə ümidini bir şəxsə – Heydər Əliyevə bağlamışdı.

Ulu Öndərin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. Bu gün əbəs yerə “Milli Qurtuluş Günü” adlandırılmır. Ulu Öndərin xilaskarlıq missiyası ilə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı qruplaşmalar zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsi sovuşduruldu.

 Heydər Əliyev üçün Azərbaycan xalqı müqəddəs idi. Onun ən böyük arzusu isə işğal olunmuş torpaqların azadlığı idi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya… Şuşa Azərbaycanın gözüdür…”

Bu arzular müasir Azərbaycanın banisi İlham Əliyevin rəhbərliyi ilə həyata keçdi. 2020-ci ildə torpaqlarımız işğaldan azad olundu və Heydər Əliyevin əbədi arzusu gerçəyə çevrildi.

15 İyun təkcə siyasi hadisə deyil, xalqın birliyinin, inamının, xilaskarlıq ruhunun simvoludur. Bu gün müstəqil, güclü, suveren və qalib Azərbaycan varsa, bunun əsasında Ulu Öndərin parlaq siyasi irsi, fədakar mübarizəsi və dönməz əqidəsi dayanır.