“Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzun memarıdır” adlı dəyirmi masa keçirilmişdir

“Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzun memarıdır” adlı dəyirmi masa keçirilmişdir

12 iyun 2025-ci ildə Suraxanı rayonu, Bülbülə bələdiyyəsinin inzibati binasında “Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzun memarıdır” adlı dəyirmi masa keçirilmişdir. Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dəyirmi masanı giriş sözü ilə açan Bülbülə bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Nəsib İsmayılov geniş nitq ilə çıxış etmişdir. Nəsib İsmayılov bildirmişdir ki, danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır.

 Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elçin Seyfullayev çıxış edərək dedi ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan gündür və bu gün Azərbaycan xalqının dönüş nöqtəsidir. Bu dövr Azərbaycanın milli inkişaf kursunun müəyyənləşməsi baxımından strateji əhəmiyyətə malikdir. Dövlətçiliyin bərpası, ordu quruculuğu, beynəlxalq əlaqələrin qurulması və neft strategiyasının formalaşdırılması məhz bu mərhələdə baş vermişdir.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev xüsusi vurğulamışdır ki, Ulu Öndərin uzaqgörən siyasəti, dəmir iradəsi və milli maraqlara sadiqliyi sayəsində Azərbaycan dövlətçiliyi qorunmuş, ölkə vətəndaş müharibəsi və dağılma təhlükəsindən xilas edilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə hüquqi, siyasi və iqtisadi islahatlara start verilmiş, müstəqil Azərbaycanın möhkəm təməli qoyulmuş və beynəlxalq aləmdə nüfuzu sürətlə artmağa başlamışdır.

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzu şüurlarda, qəlblərdə formalaşdırdı. Milli Qurtuluş ruhu həm də milli Vətənpərvər ruhun formalaşmasına xidmət etdi. Bu eşq və bu arzu o qədər böyük niyyətə çevrildi ki, hətta Ümummilli Liderin fiziki yoxluğunda belə biz öz yolumuzla Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işıqlı sabahlara doğru gedirik.