“15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir
12 iyun 2025-ci il tarixində 30 saylı Ambulatoriyada “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, 30 saylı Ambulatoriyanın kollektivi iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən, tədbiri giriş sözü ilə açan 30 saylı Ambulatoriyanın baş həkimi, YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Gülşən Yusubova iştirakçıları salamlayaraq bildirib ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Diqqətə çatdırıldı ki, bu o tarixdir ki, həmin gün dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
YAP Suraxanı rayon təşkilatının ƏPT sədr müavini Ülkər Quliyeva çıxış edərək vurğuladı ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, 15 iyun – Milli Qurtuluş günü Milli dövlətçilik tariximizdə olduqca əlahiddə əhəmiyyət daşıyır. 32 il öncə geçəkləşən bu tarixi məqam xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan Müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının, əldə etdiyi nailiyyətlərin zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycan dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.