Prezident İlham Əliyev: "Dünya nizamı artıq mövcud deyil"

Prezident İlham Əliyev qeyd edib ki, XII Qlobal Bakı Forumun iştirakçıları ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər. Forum iştirakçılarının adlarının Formun potensialını əks etdirdiyini qeyd etməsi Qlobal Bakı Forumunun önəmli müzakirə platformasına çevrildiyini təsdiq edir. Forumda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, həmçinin sabiq dövlət və hökumət başçısının iştirak etməsi də Forumun qlobal müzakirə platformasına çevrildiyini təsdiqləyir. Forumda müxtəlif fikirlərin kombinasiyası mövcud olduğunu qeyd edən dövlət başçısı bunun müsbət hal olduğunu vurğulayıb.
Dünya nizamının artıq mövcud olmadığını, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verdiyini qeyd edən Prezident İlham Əliyev bunun bu gün hər kəs tərəfindən bölüşülən fikir oduğunu qeyd edib. Beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli olmadığını, buna dair fərqli fikirlər olduğunu vurğulayan dövlət başçısı hər bir ölkənin özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı olduğunu, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamasının önə çıxdığını bildirib. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi də bu gerçəklərin ifadəsidir.
Geosiyasi dəyişikliklərdən bəhs edən Prezident İlham Əliyev Vaşinqtonda baş verən hadisələrə diqqət çəkərək bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. “Bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq”.
Dövlət başçısı bildirib ki, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. “Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.
Dünyada yaşanan böhranlardan regionumuzun qorunması vacib məsələ olduğunu qeyd edən Prezident İlham Əliyev onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olmasını təəssüf hissi ilə qeyd edib. “Hazırda nisbətən sakit dövrdəyik və diqqətimizi buna yönəltməliyik. Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq”.
Dünyadakı münaqişələrdən bəhs edən Prezident İlham Əliyev bildirib ki, istər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. “Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək. İkincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.
Realist olmağa üstünlük verdiyini, növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağını düşünmədiyini bildirən prezident Rusiya-Ukrayna müharibəsi dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanətin olmadığını bildirib. Azərbaycan və Ermənistan arasında atəşkəsin təxminən 30 il mövcud olduğunu, ancaq bunun müharibənin sona çatması demək olmadığını bildirərək vurğulayıb ki, müharibə yalnız sülh sazişi imzalananda bitir. İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsinin olmadığını, sülh sazişi imzalanana qədər burada sabitlik olmayacağını qeyd edən Prezident İlham Əliyev eyni yanaşmanın dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil edilə biləcəyini bəyan edib.