Elburus Xəlilov
Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
27 sentyabr 2020-ci il- Vətən müharibəsinin başlandığı gün. Bu tarixdən başlayan haqq-ədalət savaşı sübut etdi ki, Azərbaycan xalqı vahiddir, bölünməzdir, öz vətəni-torpaqları uğrunda vuruşa hər zaman hazırdır. İllər ərzində Erməni vəhşilikləri, qəddarlıqları, xisləti, qəzəb və nifrət hissini söndürməmiş əksinə alovlandırmış bir xalq üçün 30 il inamla gözlədiyi müharibəni haqq savaşını 44 gündə bitirmək nə deməkdir yağı düşmən bunun şahidi oldu. 27 sentyabr qisas günü idi, qalibiyyət uğrunda tarixi Qarabağ torpaqlarının işğaldan azadlığının başlanğıcı idi.
Son 30 ildə Azərbaycan tarixi Qarabağ torpaqlarını itirməyə məruz qalmış və Prezident İlham Əliyevin balanslı xarici siyasəti, müasir silahlarla təchiz olunan ordunun mübarizliyi nəticəsində işğal olunmuş torpaqlar azad edilərək, Azərbaycan xalqının şərəfi, ləyaqəti, milli mənliyi, qüruru, özünə güvənci qaytarılaraq, tarixi ədalət bərpa olundu. Azərbaycan Prezidenti Vətən müharibəsində prinsipiallıq, qətiyyətli siyasi iradə nümayiş etdirdi, xalqın milli maraqlarını cəsarətlə müdafiə etdi, məqsədəmüvafiq, ardıcıl strategiya yürütdü, yekunda Azərbaycanın işğalda olan tarixi ərazilərinin azad edilməsi üçün 27 sentyabr 2020-ci ildə düşmənə onun hərəkəti ilə cavab atəşləri ilə hücuma başladı.
İlliərlə həsrətində olduğumuz, bizə yuxu kimi əlçatmaz görünən xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Bu, Vətən müharibəsində qələbə deməkdir. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.
27 sentyabr Vətən müharibəsi Azərbaycanın hərbdəki müvəffəqiyyətinin qarşısında heç bir erməni gücünün, silah-sursatının dayana bilməyəcəyini göstərdi. Xalq-dövlət birliyi düşməni məğlub etdi və Azərbaycan qəhrəman xalq oldu. Azərbaycan Respublikası dövlət sərhədini bərpa etməklə yanaşı, həm də Cənubi Qafqazda tamamilə yeni bir reallıq yaratdı. Azərbaycan xalqı özünün müasir dövlətçilik tarixinin qürurverici dövrünü yaşayır. Dövlətçiliyimizlə bağlı olan əlamətdar günləri indi daha qürurla, ürəkdolusu ilə qarşılayırıq. 8 Noyabr Zəfər günü. Məhz Vətən Müharibəsində qazanılmış tarixi Zəfərimizə həsr olunmuş möhtəşəm hərbi paradın Xankəndi şəhərində keçirilməsi Azərbaycanın gücünün dünyaya nümayiş etdirilməsidir.
Xankəndi şəhərində Müzəffər Ali Baş Komandan tərəfindən verilən mesajlar aydın idi, Ermənistan rəhbərliyi dərk etməlidir ki, revanşist mövqeyindən bir dəfəlik əl çəkməlidir. Dünya artıq Azərbaycanın liderinin də, xalqının da, Ordusunun da gücünü gördü. Biz haqlı olduğumuz üçün də qələbə bizimlə oldu.