Xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışının dövlətçiliyimiz üçün misilsiz faydası oldu

Xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışının dövlətçiliyimiz üçün misilsiz faydası oldu

Günel Əliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən biri də 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa, dayaq olan bir insan – Heydər Əlirza oğlu Əliyevdir.

Hər bir millət, hər bir dövlət üçün onun müstəqilliyi ən böyük sərvətdir. Bu, amerikalı üçün də belədir, ingilis üçün də, fransız üçün də, alman üçün də və əlbəttə, azərbaycanlı üçün də. Lakin biz – azərbaycanlılar dövlət müstəqilliyinin qiymətini də, qədrini də bəlkə də amerikalıdan da,fransızdan da, ingilisdən də, almandan da artıq hiss edirik. Bu, təsadüfi deyildir. 1918-ci ildə Azərbaycan Şərqdə ilk demokratik respublikanı qurdu. Lakin təəssüflər olsun ki, düz iki il sonra kommunistlər bu müstəqilliyi devirdilər. Müstəqilliyini itirən Azərbaycan sonra 70 il sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Məhz bu səbəbə görə biz indi dövlət müstəqilliyimizi başqalarından qat-qat artıq dəyərləndiririk.

Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 30 illik zaman ayırır. İllər bir-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik.

Bu tarixdə Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək tarixi nitqini söylədi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm... Azərbaycan Respublikası bundan sonra da, onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışının dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu tarixi qayıdış sözün həqiqi mənasında Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Bir sözlə, Ulu Öndərin Naxçıvanda əsasını qoyduğu milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı.

Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxaran əsas amil Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətdir. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, cənab İlham Əliyevin əlindədir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir.